ABŞ-də uçuşlarda yaranan fasilələrdən sonra vəziyyət normallaşır

Dünya xəbərləri Xəbər 15 Noyabr 2026 11:26 (UTC +04:00)
ABŞ-də uçuşlarda yaranan fasilələrdən sonra vəziyyət normallaşır

Bakı. Trend:

ABŞ-də hava nəqliyyatı tədricən normal fəaliyyət rejiminə qayıdır. Uçuş cədvəllərinin bazar gününün sonunadək tam bərpa olunacağı gözlənilir.

Bu barədə “Associated Press” agentliyi ABŞ Federal Aviasiya Administrasiyasına (FAA) istinadən məlumat yayıb.

“Şənbə günü Vaşinqtonda FAA-nın rəhbəri Brayan Bedford jurnalistlərə bildirib ki, ABŞ-da hava nəqliyyatı üzrə uçuş cədvəli bazar gününün sonunadək normallaşacaq”, – deyə agentlik qeyd edib.

O, hazırda vəziyyətin ən çətin mərhələsinin artıq geridə qaldığını vurğulayıb.

ABŞ-ın nəqliyyat naziri Şon Daffi isə bildirib ki, telekommunikasiya sistemindəki nasazlıq "L3Harris Technologies Inc." şirkətinin podratçısı tərəfindən aparılan işlər zamanı yaranıb. Belə ki, köhnə mis kabellərin optik lifli kabellərlə əvəzlənməsi zamanı sistemdə həddindən artıq yüklənmə baş verib. Bu isə rabitədə fasilələrə və radar əhatə zonalarında kəsintilərə səbəb olub.

Onun sözlərinə görə, hazırda hadisə ilə bağlı araşdırma aparılır. İnsidentin mümkün səbəbləri arasında həm podratçı şirkətin qeyri-peşəkarlığı, həm də avadanlıqların nasazlığı nəzərdən keçirilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti