Bakı. Trend:
ABŞ-nin Florida ştatının Mayami şəhərindəki Beynəlxalq Hava Limanında “Copa Airlines” aviaşirkətinə məxsus “Boeing 737” sərnişin təyyarəsi ilə “UPS” şirkətinə məxsus “Boeing 767” yük təyyarəsi toqquşub.
Bu barədə ABŞ Federal Aviasiya Administrasiyası (FAA) məlumat yayıb.
Məlumata görə, sərnişinlərin təyyarəyə minməsi üçün terminaldakı çıxış qapısına doğru hərəkət edən “Boeing 737” təyyarəsinin qanadının ucu yük təyyarəsinin burnuna dəyib. Nəticədə yük təyyarəsinin gövdəsində böyük dəlik yaranıb.
FAA-nın açıqlamasında bildirilir ki, hadisə hər iki təyyarə hava limanında hərəkətdə olarkən baş verib.
Hakimiyyət orqanlarının məlumatına görə, yük təyyarəsi Kolumbiyaya uçuşa hazırlaşırmış və onun heyətinə sərnişin təyyarəsinə yol vermək tapşırılıb.
“Copa Airlines” şirkətinin məlumatına əsasən, toqquşma zamanı sərnişin təyyarəsinin göyərtəsində 166 sərnişin və altı ekipaj üzvü olub.
Aviaşirkət hadisə nəticəsində iki sərnişinin yüngül xəsarət aldığını və hava limanının tibb işçiləri tərəfindən müayinə olunduğunu bildirib.
Hazırda sərnişin təyyarəsi hava limanının terminalının yaxınlığında dayanıb.
