Bakı. Trend:
“Mercedes-Benz” şirkətinin rəhbərliyi Almaniyadakı müəssisələrinə yeni investisiyaları dayandırmaq və bəzi zavodların bağlanması ehtimalını nəzərdən keçirir.
Bu addım Almaniyada avtomobil istehsalı ilə bağlı yüksək xərclərin azaldılması məqsədi daşıyır.
Şirkət rəhbərliyinin açıqlamasına görə, əməkhaqqı xərclərinin azaldılması ilə bağlı həmkarlar ittifaqları ilə razılığa gəlmək mümkün olmayıb. Daha əvvəl işçilərə danışıqlarda irəliləyiş əldə edilməyəcəyi təqdirdə konsernin Almaniyadakı iki zavodunu bağlaya biləcəyi barədə xəbərdarlıq edilmişdi.
İnvestisiyaların dondurulması qərarı Almaniya avtomobil sənayesinin üzləşdiyi ciddi böhran fonunda qəbul edilib. Bundan əvvəl “Volkswagen” də genişmiqyaslı struktur dəyişiklikləri planlarını açıqlayıb. Bu dəyişikliklər Almaniyada dörd zavodun bağlanmasına və minlərlə iş yerinin ixtisarına səbəb ola bilər.
Mütəxəssislərin qiymətləndirmələrinə görə, Çin istehsalçılarının artan rəqabəti və istehsal xərclərinin yüksəlməsi nəticəsində 2030-cu ilədək Almaniyanın avtomobil sənayesində azı 200 min iş yeri ixtisar oluna bilər.
