İordaniya məhkəməsi kilsəyə hücum edən üç terrorçuya ölüm hökmü çıxarıb

Dünya xəbərləri Xəbər 15 Noyabr 2026 15:49 (UTC +04:00)
İordaniya məhkəməsi kilsəyə hücum edən üç terrorçuya ölüm hökmü çıxarıb

Bakı. Trend:

İordaniyanın Dövlət Təhlükəsizliyi Məhkəməsi oktyabrın 23-də Əl-Kərək əyalətindəki pravoslav kilsəsində törədilmiş terror aktının üç icraçısını ölüm cəzasına məhkum edib.

Bu barədə İordaniyanın "Petra" xəbər agentliyi məlumat yayıb.

Məhkəmə təqsirləndirilən şəxsləri “insan tələfatına səbəb olan terror aktları törətmək” üzrə doqquz epizodda təqsirli bilib. Onlar həmçinin “silah və sursatdan istifadə etməklə terror aktları törətməkdə”, silahlı terror aktları törətmək məqsədilə əlbir olmaqda və terror qruplaşmasının ideyalarını təbliğ etməkdə təqsirli biliniblər. Məhkumlardan biri əlavə olaraq terror aktlarının maliyyələşdirilməsi üçün vəsait təmin etməkdə təqsirli hesab edilib.

Hökmə apellyasiya şikayəti verilə bilər. Qanunvericiliyə əsasən, hökm istənilən halda İordaniyanın Kassasiya Məhkəməsində nəzərdən keçirilməlidir.

Oktyabrın 23-də üç terrorçu Əl-Kərək əyalətinin Həmmud rayonunda yerləşən Müqəddəs Georgi pravoslav kilsəsində atəş açıb. Səhiyyə Nazirliyinin məlumatına görə, hücum anım mərasimi zamanı baş verib. Nəticədə 9 nəfər həlak olub, daha 34 nəfər yaralanıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti