Bakı. Trend:
ABŞ hakimiyyəti ölkənin hava hərəkətinə nəzarət sisteminin yenilənməsi layihəsini hazırlayıb. Zəruri maliyyə vəsaiti dərhal ayrılacağı təqdirdə layihənin 2028-ci ilin sonu və ya 2029-cu ilin əvvəlində başa çatdırılması mümkündür.
Bu barədə ABŞ-nin nəqliyyat naziri Şon Daffi CNN telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, sistemin sabit fəaliyyətini təmin edəcək telekommunikasiya infrastrukturunun arxitekturası artıq hazırdır və layihənin həyata keçirilməsi üçün yalnız maliyyə vəsaiti tələb olunur.
Daffi qeyd edib ki, Konqresin ötən il nazirliyə ayırdığı 12,5 milyard dollar vəsait dispetçer qüllələrindəki avadanlıqların yenilənməsinə yönəldilib. Lakin bu məbləğ yeni rabitə infrastrukturunun qurulması və 1990-cı illərə aid proqram təminatının yenilənməsi üçün kifayət etmir.
Nazir daha əvvəl köhnəlmiş hava hərəkətinin idarə edilməsi sisteminin tamamilə əvəzlənməsi üçün ümumilikdə 50 milyard dollar vəsait tələb olunduğunu bildirmişdi.
Xatırladaq ki, ABŞ Federal Aviasiya Administrasiyası (FAA) noyabrın 13-də hava hərəkətinin idarə edilməsi mərkəzlərində yaranan rabitə nasazlığı səbəbindən ölkə üzrə bütün uçuşları dörd saatdan çox müddətə dayandırmışdı.
Son 25 ilin ən uzunmüddətli fasiləsi nəticəsində cümə və şənbə günləri 10 mindən çox aviareys ləğv edilmişdi. Hadisənin səbəbi kimi köhnəlmiş sistem göstərilmişdi.
