2027-ci ildə icmal büdcə gəlirlərinin 64,5 faizi qeyri-neft sektorunun payına düşəcək - Maliyyə naziri

İqtisadiyyat Xəbər 16 Noyabr 2026 12:01 (UTC +04:00)
2027-ci ildə icmal büdcə gəlirlərinin 64,5 faizi qeyri-neft sektorunun payına düşəcək - Maliyyə naziri
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

2027-ci il üzrə icmal büdcənin gəlirləri 47,6 mlrd. manat həcmində proqnozlaşdırılır. Bu, cari illə müqayisədə 2,6 mlrd. manat və ya 5,9 faiz çoxdur.

Bunu maliyyə naziri Sahil Babayev "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin Milli Məclisin plenar iclasında müzakirəsi zamanı bildirib.

Nazir bildirib ki, icmal büdcə gəlirlərinin 64,5 faizini və ya 30,7 mlrd. manatını qeyri-neft sektoru üzrə daxilolmalar, 35,5 faizini və ya 16,9 mlrd.manatını neft-qaz sektoru üzrə daxilolmalar təşkil edəcək.

Növbəti il üçün icmal büdcənin xərcləri isə 50,4 mlrd. manat həcmində proqnozlaşdırılıb. Bu, 2025-ci ilin icra göstəricisi ilə müqayisədə 5,7 mlrd. manat və ya 12,8 faiz çoxdur. İcmal büdcə xərclərinin ÜDM-də payı 35,7 faizə, qeyri-neft ÜDM-də payı isə 46,2 faizə bərabər olacaq.

İcmal büdcənin kəsiri isə cari illə müqayisədə 1,1 mlrd. manat və ya 28,7 faiz az olmaqla, 2,8 mlrd. manat həcmində proqnozlaşdırılır. Kəsirin ümumi daxili məhsula nisbəti 2 faiz səviyyəsində olacaq ki, bu da ən yaxşı beynəlxalq göstəricilərə uyğundur.

Qeyd edək ki, 2027-ci ildə dövlət büdcəsinin gəlirləri 39 milyard 254 milyon manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 38 milyard 518 milyon 425 min manat, yerli gəlirləri 735 milyon 575 min manat), xərcləri 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmiş xərcləri 41 milyard 664 milyon 425 min manat, yerli xərcləri 735 milyon 575 min manat) proqnozlaşdırılır.

Son nəticədə dövlət büdcəsində 3 milyard 146 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 1,7% çoxdur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti