Bakı.Trend:
Manilada keçirilən Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) 49-cu sammitinin iştirakçıları Yaxın Şərqdəki böhran fonunda neft ehtiyatının yaradılması məsələsini müzakirə edəcəklər.
TASS-ın məlumatına görə, bu barədə sammitin təşkilat komitəsinin rəsmi nümayəndəsi, Filippin xarici işlər nazirinin köməkçisi Dominik Ksavye İmperial bildirib.
Onun sözlərinə görə, assosiasiyaya üzv dövlətlərin müvafiq qurumları bu layihəni öyrənməyə davam edirlər. Layihə ASEAN ölkələrinin liderləri tərəfindən hələ may ayında Filippinin Sebu adasında keçirilən sammitdə prinsipial olaraq dəstəklənib.
“Neft ehtiyatlarının yaradılması ilə bağlı təklifə gəlincə, bu məsələ ilə bağlı araşdırmalar davam edir”, - deyə o bildirib.
İmperial qeyd edib ki, geosiyasi gərginlik və iqtisadi qeyri-sabitlik Cənub-Şərqi Asiya ölkələrinin iqtisadiyyatlarına mənfi təsir göstərməkdə davam edir.
Xatırladaq ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin pozulduğunu bəyan edərək İrana qarşı yeni zərbələrə göstəriş verib. Buna cavab olaraq İran ABŞ-nin Fars körfəzi regiondakı hərbi obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıb. Vaşinqton İranın danışıqlara qayıda biləcəyini istisna etməsə də, Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər ətrafındakı fikir ayrılıqları sülh prosesinin gələcəyini qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi yenidən demək olar ki, iflic vəziyyətə gəlib.
