Bakı.Trend:
Polşa hüquq-mühafizə orqanları dəmir yolu infrastrukturunun mühafizəsinin gücləndirilməsi məqsədilə həyata keçirilən “TOR” əməliyyatının başlanmasından ötən bir il ərzində dəmir yollarında təxribat törətməkdə şübhəli bilinən 15 nəfəri saxlayıb.
Bu barədə "RMF24" radiostansiyası Milli Prokurorluğun məlumatlarına istinadən xəbər verib.
Məlumata görə, hazırda 13 insident üzrə araşdırma aparılır, onlardan dördü artıq “təxribat aktı” kimi tövsif edilib. Söhbət dəmir yolu xətlərinin partladılması, kontakt naqillərinin qırılması və vaqonların aşmasına səbəb ola biləcək metal konstruksiyaların relslərin üzərinə yerləşdirilməsindən gedir.
Radiostansiyanın məlumatına görə, “TOR” əməliyyatının həyata keçirildiyi bir il ərzində dəmir yolu infrastrukturunun mühafizəsinə 265 min polis əməkdaşı, 90 min hərbçi və 130 min dəmir yolu mühafizə xidməti əməkdaşı cəlb olunub.
“TOR” əməliyyatı bir il əvvəl, 2025-ci il noyabrın 15-16-da Polşanın Mıka və Qolomb yaşayış məntəqələrində Ukraynaya gedən dəmir yolu xətlərinin partladılmasından sonra başlayıb.
Noyabrın 17-də Polşanın Baş naziri Donald Tusk hadisəni təxribat adlandırıb.
