Bakı.Trend:
Transadriatik Qaz Boru Kəməri (TAP) 2020-ci ildə kommersiya fəaliyyətinə başladığı vaxtdan Avropa bazarlarına 64 milyard kubmetrdən çox təbii qaz nəql edib.
Bu barədə TAP konsorsiumunun 15 noyabr- qaz kəmərinin kommersiya fəaliyyətinə başlamasının altıncı ildönümü münasibətilə bazar ertəsi yaydığı məlumatda bildirilib.
Qeyd olunur ki, altı il ərzində TAP vasitəsilə qaz Avropa istehlakçılarına təhlükəsiz şəkildə çatdırılıb. Bu da Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə və enerji təchizatı mənbələrinin şaxələndirilməsinə töhfə verib.
Şirkət vurğulayıb ki, Avropa enerji bazarının dəyişən tələbatına uyğunlaşmaqla qaz kəmərinin əməliyyat dayanıqlığını artırmaq istiqamətində işləri davam etdirir.
“Altı ildən sonra da infrastrukturumuzu inkişaf etdirməyə davam edirik”, – deyə məlumatda bildirilib.
Qeyd edək ki, TAP Cənub Qaz Dəhlizinin Avropa hissəsidir. Bu kəmər vasitəsilə Azərbaycanın “Şahdəniz” yatağından hasil olunan təbii qaz Avropa bazarlarına çatdırılır. Qaz kəmərinin uzunluğu 877 kilometrdir. O, Yunanıstan-Türkiyə sərhədindən başlayaraq Yunanıstan və Albaniya ərazisindən keçir, Adriatik dənizini aşaraq İtaliyanın cənub sahillərinə çatır.
TAP-ın ilkin ötürücülük gücü ildə 10 milyard kubmetr qaz təşkil edir və bu göstəricinin 20 milyard kubmetrə qədər artırılması mümkündür.
