Qeyri-neft-qaz ixracımızın həcmi 4,2 milyard dollardır – Mikayıl Cabbarov

İqtisadiyyat Xəbər 16 Noyabr 2026 12:43 (UTC +04:00)
Qeyri-neft-qaz ixracımızın həcmi 4,2 milyard dollardır – Mikayıl Cabbarov
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

Qeyri-neft-qaz ixracı yeni mərhələyə daxil olub.

Trend-in müxbirinin xəbərinə görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.

Nazirin sözlərinə görə, 2026-cı ilin gözlənilən nəticəsi nəzərə alınmaqla qeyri-neft-qaz ixracı 2018-ci illə müqayisədə 2,5 dəfə çox olacaq: “Cari ilin 10 ayında Neft Fondunun qızıl əməliyyatları nəzərə alınmadan qeyri-neft-qaz ixracı 20 faizdən çox artaraq 3,6 milyard dollara çatıb, onun 61 faizini sənaye məhsulları təşkil edir. Cari ilin nəticələrinə görə qeyri-neft-qaz mal ixracımızın həcmi 4,2 milyard ABŞ dollarını üstələyəcək”.

Mikayıl Cabbarov vurğulayıb ki, ixracın və istehsalın daha da genişləndirilməsi məqsədilə cari ildə İqtisadi Şurada razılaşdırılmış yeni dəstək tədbirləri paketi qəbul edilib və onun tətbiqinə başlanılıb: “Bu paket çərçivəsində Bakı və Abşerondan kənarda sahibkarlıq kreditləri üzrə faizin yarısı dövlət tərəfindən subsidiyalaşdırılır, kredit zəmanətinin limiti 20 faizdən 50 faizə qaldırılıb. Qeyri-neft-qaz özəl sektorunun subyektlərinə sosial sığorta haqlarını ƏDV depozit hesabındakı vəsait hesabına ödəmək imkanı verilir. 2027–2030-cu illərdə isə sənaye və kənd təsərrüfatı obyektlərinin elektrik şəbəkəsinə qoşulma haqqının yarısı dövlət tərəfindən ödəniləcək”.

Nazir qeyd edib ki, ixracatçıların nəqliyyat xərclərinin 70 faizədək hissəsi, mikro, kiçik və orta ixracatçıların isə gömrük rəsmiləşdirilməsi üzrə xərclərin bir hissəsi dövlət tərəfindən kompensasiya olunur.

“Gələn ildən Ələt Azad İqtisadi Zonasında istehsal olunan məhsulların azı 50 faizinin ixrac edilməsi şərtilə, həmin məhsulların daxili bazara gömrük rüsumu tətbiq edilmədən çıxarılması nəzərdə tutulub. 2026-cı ildə zonanın infrastrukturuna 150 milyon manatadək vəsait ayrılıb”, - deyə Mikayıl Cabbarov əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti