Milli Məşğulluq Forumunda müasir əmək bazarı müzakirə olunub (FOTO)

Cəmiyyət Xəbər 16 Noyabr 2026 12:53 (UTC +04:00)
Milli Məşğulluq Forumunda müasir əmək bazarı müzakirə olunub (FOTO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı.Trend:

Milli Məşğulluq Forumu 2026 çərçivəsində “Müasir əmək bazarı: rəqəmsallaşma, innovativ təhsil və dayanıqlı məşğulluq” mövzusunda panel müzakirəsi baş tutub.

Trend-in müxbiri xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasovun moderatorluğu ilə keçirilən paneldə Türkiyə Respublikasının Çanaqqala On Səkkiz Mart Universitetinin rektoru Prof. Dr. Ramazan Cüneyt Erenoğlu, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Özbəkistanın Turan Beynəlxalq Universitetinin rektoru və təsisçisi Axadxon Najmitdinov və Bakı Avrasiya Universitetinin rektoru Səyavuş Qasımov çıxış ediblər.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, tələbələr 1-ci kursdan etibarən praktikaya getməli, 4-cü kursda isə artıq yarım-ştat işləməlidir.

“Praktika kariyera üçün çox vacib pillədir. Biz nəticə əldə etmək istəyiriksə, universitetlərdə olan kariyera-məzunlar mərkəzini bəzək üçün yox, real iş üçün açmalıyıq. Həmin mərkəzlərə böyük dəstək lazımdır.

Həmçinin, universitetlərdə yeni ixtisaslar açılmalıdır. Kibertəhlükəsizlik sahəsində ixtisaslara gərək var”,- deyə o qeyd edib.

Türkiyə Respublikasının Çanaqqala On Səkkiz Mart Universitetinin rektoru Prof. Dr. Ramazan Cüneyt Erenoğlu vurğulayıb ki, tələbələr təhsil müddətində iş həyatı ilə əlaqəli olmalıdır.

“Məzun olduqdan sonra daha rahat iş tapılması üçün universitetdə oxuduqları zamanı müasir dünyanın tələblərinə uyğun sahələrlə bağlı təlim almalı, sertifikatlar əldə etməlidirlər. İş sektorunda tələblərin hər il dəyişdiyini nəzərə almalıdırlar”,- deyə o əlavə edib.

Bakı Avrasiya Universitetinin rektoru Səyavuş Qasımovun sözlərinə görə, dünya reytinqlərində qiymətləndirmə zamanı universitetlərin məzunlarının işəgötürülmə meyarıda nəzərə alınır.

“Biz tələbələri gələcəkdə idealarını iqtisadi dəyərə çevirə biləcək şəxs kimi yetişdirməliyik. Onlar yalnız işəgötürülən yox, işəgötürən də olmalıdır. Bugün əmək bazarı sürətlə dəyişir. 2030-cu ilə qədər hazırda mövcud olan bacarıqların 39 faizi dəyişəcək. Bu təhlükəli rəqəmdir və biz əmək bazarı ilə sıx əməkdaşlıq etməliyik. Əmək bazarına uyğun tezliklə və sıx təhsil proqramını dəyişə bilmərik”,- deyə o bildirib.

Panel müzakirəsi müasir əmək bazarının çağırışları, rəqəmsallaşma proseslərinin məşğulluğa təsiri və innovativ təhsil modellərinin tətbiqi ətrafında fikir mübadiləsi ilə davam edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti