Vətəndaşların manata inamı artmaqda davam edir - Taleh Kazımov

İqtisadiyyat Xəbər 16 Noyabr 2026 12:47 (UTC +04:00)
Vətəndaşların manata inamı artmaqda davam edir - Taleh Kazımov
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda vətəndaşların milli valyutaya və bank sektoruna inamı artmaqda davam edir. Ölkədə dollarlaşma səviyyəsi illik müqayisədə 3,3 faiz bəndi azalaraq 25,2 faizə enib ki, bu da tarixi minimum göstəricidir.

Trend-in müxbirinin xəbərinə görə, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Taleh Kazımov Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.

O bildirib ki, 2026-cı ildə qlobal qeyri-müəyyənliklərə və geosiyasi çağırışlara baxmayaraq, ölkədə iqtisadi inkişaf davam edib, sosial rifah yüksəlib və makroiqtisadi sabitlik qorunub.

T.Kazımovun sözlərinə görə, 2026-cı ilin oktyabr ayının yekunlarına əsasən, illik inflyasiya 5,2 faiz təşkil edib. Bu göstərici Mərkəzi Bankın hədəf diapazonuna uyğundur. Bankın oktyabr proqnozlarına əsasən, 2027–2028-ci illərdə orta illik inflyasiyanın 5,3 faiz olacağı gözlənilir.

Mərkəzi Bankın sədri qeyd edib ki, cari ilin yanvar–oktyabr aylarında ölkə iqtisadiyyatı 1,7 faiz, qeyri-neft-qaz sektoru isə 2,9 faiz artıb. Mərkəzi Bankın proqnozlarına əsasən, 2027-ci ilin sonunda ÜDM artımının 2,3 faiz, qeyri-neft-qaz ÜDM artımının isə 4,3 faiz təşkil edəcəyi gözlənilir.

Xarici sektorun vəziyyətinə toxunan T.Kazımov bildirib ki, 2026-cı ilin ilk 9 ayında xarici ticarət balansının profisiti 10,5 milyard ABŞ dolları təşkil edib. Cari əməliyyatlar balansında isə ilin ilk 6 ayı üzrə 4,7 milyard dollarlıq profisit qeydə alınıb ki, bu da ÜDM-in 12,4 faizinə bərabərdir.

Onun sözlərinə görə, 2026-cı ilin yekununda cari əməliyyatlar balansının profisitinin 8,5 milyard dollar, 2027-ci ilin sonunda isə təxminən 5,5 milyard dollar olacağı proqnozlaşdırılır.

Mərkəzi Bankın İdarə Heyətinin sədri strateji valyuta ehtiyatlarının artımını da ölkənin xarici şoklara qarşı maliyyə dayanıqlılığının mühüm göstəricisi kimi qiymətləndirib. Bildirib ki, Azərbaycanın strateji valyuta ehtiyatları 2026-cı ilin ilk 10 ayında 4,1 faiz artaraq 88,6 milyard dollara çatıb.

T.Kazımovun sözlərinə görə, bu ehtiyatlar ölkənin 40 aylıq mal və xidmət idxalını maliyyələşdirməyə kifayət edir, manatla geniş pul kütləsini 3,3 dəfə, birbaşa xarici dövlət borcunu isə 20 dəfə üstələyir.

O, valyuta bazarında həm nağd, həm də qeyri-nağd seqmentlərdə təklifin tələbi əhəmiyyətli dərəcədə üstələdiyini vurğulayıb.

“Vətəndaşların manata inamı və o cümlədən bank sektoruna inamı artmaqda davam edir”, – deyə Mərkəzi Bankın sədri bildirib.

Qeyd edib ki, dollarlaşma səviyyəsi illik müqayisədə 3,3 faiz bəndi azalaraq 25,2 faizə enib: "Bu, tarixi minimum göstəricidir. 2021-ci ilin sonu ilə müqayisədə isə dollarlaşma səviyyəsi 15,4 faiz azalıb".

T.Kazımov əlavə edib ki, Mərkəzi Bankın valyuta ehtiyatları da cari ilin ilk 10 ayında 34 faiz və ya 3,9 milyard dollar artaraq 15,4 milyard dollara yüksəlib. Bu, qurumun tarixində ən yüksək göstəricidir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti