Bakı. Trend:
Azərbaycanda bank sektorunun izafi struktur likvidliyi şəraitində fəaliyyət göstərməsinə baxmayaraq, maliyyə dayanıqlılığı qorunub saxlanılıb. Bankların bütün məcburi ehtiyat və prudensial likvidlik tələblərini yerinə yetirməsindən sonra onların sərəncamında real sektorun maliyyələşdirilməsinə yönəldilə biləcək 4,6 milyard manat sərbəst vəsait qalıb.
Trend-in müxbirinin xəbərinə görə, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Taleh Kazımov Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, ilin əvvəlindən bank sektorunun izafi likvidlik səviyyəsi 2,2 dəfə artıb.
T.Kazımov bildirib ki, cari ilin 10 ayının nəticələrinə əsasən, bank sektorunun məcmu kapital adekvatlığı 16,5 faiz, likvidliyin örtülməsi əmsalı isə 153 faiz təşkil edib. Halbuki bu göstərici üzrə normativ tələb 100 faizdir.
O qeyd edib ki, kredit portfelinin keyfiyyətini xarakterizə edən problemli kreditlərin xüsusi çəkisi 2,7 faiz səviyyəsində olub ki, bu da qənaətbəxş göstəricidir.
AMB sədrinin sözlərinə görə, 10 ayda bankların ümumi kredit portfeli 14 faiz, o cümlədən biznes kreditləri 17,1 faiz artıb. 2021-ci ilin sonu ilə müqayisədə isə həm ümumi kredit portfeli, həm də biznes kreditlərinin həcmi iki dəfə yüksəlib.
Bankların öhdəlikləri tərəfində də müsbət dinamikanın müşahidə olunduğunu deyən T.Kazımov bildirib ki, cari ilin 10 ayında fiziki şəxslərin əmanətləri 14,6 faiz, müddətli əmanətləri isə 16,4 faiz artıb.
“2021-ci illə müqayisədə həm əmanətlərin həcmi, həm də unikal əmanətçilərin sayı üzrə ikiqat artım müşahidə edirik”, – deyə o vurğulayıb.
T.Kazımov sığorta və kapital bazarlarında da müsbət meyillərin davam etdiyini diqqətə çatdırıb.
O bildirib ki, 2026-cı ilin doqquz ayında sığorta haqları 8 faiz, sığorta ödənişləri isə 29 faiz artıb. Son beş ildə sığorta bazarının həcmi iki dəfə böyüyüb. Sığorta haqlarının 80 faizi könüllü sığorta siniflərinin, 56 faizi isə həyat sığortasının payına düşüb.
Kapital bazarlarına toxunan AMB sədri qeyd edib ki, qiymətli kağızlar bazarının ümumi dövriyyəsi 35 milyard manata çatıb. Cari ilin 10 ayında səhm bazarının dövriyyəsi 9 dəfə artaraq 2,6 milyard manat təşkil edib.
Onun sözlərinə görə, bu il Azərbaycanın tarixində ikinci kütləvi səhm təklifi də uğurla həyata keçirilib. Son iki ildə reallaşdırılan hər iki kütləvi səhm təklifinin əsas təşkilatçıları maliyyə institutları, xüsusilə banklar olub.
T.Kazımov 2027-ci il dövlət büdcəsi layihəsinə Mərkəzi Bankın münasibətinin müsbət olduğunu və təqdim olunan layihəni dəstəklədiklərini bildirib.
O, bu mövqeyi bir neçə əsas amillə izah edib.
“İlk növbədə, cari xərclərin qeyri-neft-qaz gəlirləri hesabına ödənilməsini müsbət qiymətləndiririk. Bu, cari xərclərin dayanıqlı maliyyə mənbələri hesabına maliyyələşdirilməsinə imkan verir”, – deyə AMB sədri bildirib.
Onun sözlərinə görə, Azərbaycan Dövlət Neft Fondundan transfertlərin azaldılması strateji valyuta ehtiyatlarının uzunmüddətli dayanıqlığının təmin edilməsinə xidmət edir. Eyni zamanda, dövlət büdcəsinin ümumi gəlirlərində qeyri-neft gəlirlərinin payının artması iqtisadiyyatın neft sektorundan asılılığının azaldılması baxımından əhəmiyyətlidir.
T.Kazımov büdcə xərclərinin inflyasiyaya təsirinin də Mərkəzi Bank tərəfindən təhlil edildiyini vurğulayıb.
“Bizim təhlillərimiz göstərir ki, cari xərclər inflyasiyaya 0,34 faiz bəndi təsir edir. Bu, bizim tərəfimizdən əhəmiyyətli təsir kimi qiymətləndirilmir. Əsaslı xərclərin isə inflyasiyaya təsiri neytraldır”, – deyə o qeyd edib.
AMB sədri son illərdə fiskal və monetar siyasətlər arasında sıx koordinasiyanın formalaşdığını xatırladaraq, bu əməkdaşlığın növbəti illərdə də davam edəcəyinə və makroiqtisadi sabitliyə əlavə töhfə verəcəyinə ümidvar olduğunu bildirib.
T.Kazımov 2027-ci il üçün monetar siyasətin prioritetlərinə də toxunub.
O bildirib ki, qiymət sabitliyi Mərkəzi Bankın əsas hədəfi olaraq qalır və qurum məzənnə sabitliyinin təmin edilməsi üçün arsenalındakı bütün alətlərdən istifadə etməyi hədəfləyir.
“Qiymət sabitliyi bizim əsas hədəfimizdir. Pul siyasətinin əsas lövbəri olan məzənnə sabitliyinin təmin edilməsi üçün bütün mövcud alətlərdən istifadə edəcəyik”, – deyə o vurğulayıb.
AMB sədri bildirib ki, 2024–2026-cı illəri əhatə edən maliyyə sektorunun inkişaf strategiyasının icra səviyyəsi hazırda 91 faizdir və sənədin icrasının ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur.
Onun sözlərinə görə, hazırda 2027–2030-cu illəri əhatə edəcək yeni maliyyə sektorunun inkişaf strategiyası hazırlanır. Yeni strategiyada iki əsas istiqamətə üstünlük veriləcək.
Birinci istiqamət maliyyə sektorunun inkişafı, xüsusilə real sektorun maliyyələşdirilməsinin genişləndirilməsi, rəqəmsallaşma, innovativ həllərin tətbiqi, maliyyə xidmətlərinin əlçatanlığının və əhatə dairəsinin artırılmasıdır.
İkinci əsas istiqamət isə tənzimləmə və nəzarət siyasətinin təkmilləşdirilməsi, bununla da maliyyə sektorunun dayanıqlılığının gücləndirilməsidir.
T.Kazımov qeyd edib ki, yeni strategiyanın əsas məqsədi həm maliyyə sektorunun iqtisadiyyatın maliyyələşdirilməsində rolunu artırmaq, həm də sektorun dayanıqlılığını daha da möhkəmləndirmək olacaq.
