Bakı. Trend:
""Bir pəncərə" informasiya sistemi haqqında Əsasnamə" təsdiq edilib.
Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.
Belə ki, Əsasnamə “Bir pəncərə” informasiya sisteminin (bundan sonra – informasiya sistemi) fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir.
Sənədə əsasən, sistemin fəaliyyətinin təmin edilməsi məqsədilə müvafiq məlumatların ilkin mənbəyini formalaşdıran dövlət orqanları (qurumları) idxal-ixrac, tranzit, nəqliyyat və logistika sahələrində fəaliyyətin tam rəqəmsallaşdırılması istiqamətində tədbirlər görməlidirlər.
Müvafiq dövlət qurumları Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin təklifləri əsasında, altı ay müddətində sahibi və ya operatoru olduqları dövlət informasiya ehtiyatlarının və sistemlərinin təkmilləşdirilməsi və Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə “Bir pəncərə” informasiya sisteminə inteqrasiyası ilə bağlı tədbirlər görməli, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etməlidir.
