2027-ci il büdcəsi neft asılılığının azaldılmasında dönüş nöqtəsidir - Vüqar Gülməmmədov

İqtisadiyyat Xəbər 16 Noyabr 2026 13:03 (UTC +04:00)
2027-ci il büdcəsi neft asılılığının azaldılmasında dönüş nöqtəsidir - Vüqar Gülməmmədov
Sadiq Cavadov
Sadiq Cavadov
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı. Trend:

2027-ci ilin dövlət büdcəsi Azərbaycanın neft-qaz sektorundan asılılığının azaldılması istiqamətində dönüş nöqtəsi olmaqla yanaşı, hərbi, sosial və investisiya xərclərinin optimal uzlaşdırılmasını nəzərdə tutur.

Trend-in müxbirinin xəbərinə görə, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, gələn ilin büdcə layihəsi iki mühüm xüsusiyyəti ilə fərqlənir. Bunlardan birincisi ümumi daxili məhsulun (ÜDM) strukturunda qeyri-neft-qaz sektorunun payının 77 faizdən çox olmasının proqnozlaşdırılmasıdır. Bu, indiyədək qeydə alınmış ən yüksək göstəricidir.

İkinci mühüm məqam isə dövlət büdcəsinin gəlirlərində qeyri-neft-qaz sektorundan daxilolmaların payının 60,6 faizə çatdırılmasının nəzərdə tutulmasıdır. Bu göstərici də tarixi maksimum hesab olunur.

“2027-ci il büdcəsini neft asılılığının azaldılmasında dönüş nöqtəsi və eyni zamanda hərbi-sosial-investisiya xərclərinin optimal sintezi kimi xarakterizə etmək mümkündür”, – deyə V.Gülməmmədov bildirib.

Palata sədri qeyd edib ki, Hesablama Palatası büdcə layihəsini təhlil edərkən üç əsas suala diqqət yetirir: layihənin qanunvericiliyin tələblərinə uyğunluğu, büdcə parametrlərinin etibarlılığı və dövlət maliyyəsinin orta və uzunmüddətli dayanıqlılığı.

Onun sözlərinə görə, 2027-ci ilin dövlət büdcəsi layihəsi və büdcə zərfinə daxil edilmiş digər sənədlər hüquqi tələblər baxımından təhlil edilib. Bəzi göstəricilərin təkmilləşdirilməsinə ehtiyac müəyyənləşdirilsə də, mərkəzi icra hakimiyyəti orqanları ilə aparılan müzakirələr nəticəsində büdcə sənədlərinə müvafiq dəqiqləşdirmələr və əlavələr edilib.

V.Gülməmmədov vurğulayıb ki, aparılmış təhlillər büdcə sənədləşməsinin əsas aspektlər üzrə müvafiq hesabatlılıq çərçivəsinə uyğun, əsasən düzgün və etibarlı təqdim olunduğunu göstərir.

Fiskal dayanıqlılıq məsələsinə toxunan Palata sədri bildirib ki, Azərbaycanın dövlət borcunun ÜDM-ə nisbəti beynəlxalq kritik hədlərdən əhəmiyyətli dərəcədə aşağıdır.

Belə ki, 2026-cı il oktyabrın 1-nə bu göstərici 17,3 faiz təşkil edib. Eyni zamanda, Azərbaycan Dövlət Neft Fondunun ehtiyatları ölkənin likvidlik və kontr-tsiklik maliyyə imkanlarını gücləndirərək borc dayanıqlılığına dəstək verir.

“Ölkənin fiskal fəzası xarici makroiqtisadi şoklara qarşı effektiv maliyyə immunitetinə malik olsa da, zamanlararası büdcə məhdudiyyətinin davamlı təmin edilməsi üçün milli fiskal qaydaların, o cümlədən qeyri-resurs gəlir bazasının institusional gücləndirilməsi fundamental şərt olaraq qalır”, – deyə o bildirib.

Palata sədri qeyri-neft gəlirləri hesabına cari xərclərin tam qarşılanmasını ortamüddətli dövr üçün mühüm hədəf kimi qiymətləndirib. Bununla belə, cari xərclərin dövlət büdcəsindəki payının artmasına diqqət çəkib.

Onun sözlərinə görə, bu göstəricinin 60,4 faizdən 62,3 faizə yüksəlməsi uzunmüddətli maliyyə dayanıqlılığı baxımından müəyyən risklər yarada bilər.

V.Gülməmmədov cari xərclərin artım tempinə büdcə qaydaları çərçivəsində limit qoyulmasını təklif edib.

Çıxışının sonunda Hesablama Palatasının sədri bildirib ki, aparılmış təhlillərin nəticələrinə əsasən, Milli Məclisə təqdim edilmiş 2027-ci il dövlət büdcəsi layihəsi qanunvericiliyin müvafiq tələblərinə uyğun hazırlanıb və ölkənin qarşısında duran əsas vəzifələrin, strateji hədəflərin maliyyə təminatına xidmət edəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti