Bakı. Trend:
Hesablama Palatası dövlət borcunun idarə edilməsinə dair orta və uzunmüddətli strategiyanın yenilənməsini, 2027–2030-cu illər üzrə fiskal hədəflərlə uzlaşdırılmasını zəruri hesab edir. Palata dövlət zəmanətlərinin həcmi ilə bağlı mövcud hədəflər arasında fərqlərə də diqqət çəkib.
Trend-in müxbirinin xəbərinə görə, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, dövlət borcunun idarə edilməsinə dair 2022–2025-ci illəri əhatə edən strategiyanın müddəti başa çatıb və yeni dövr üçün strateji çərçivənin hazırlanmasına ehtiyac yaranıb.
V.Gülməmmədov bildirib ki, əvvəlki strategiyada 2025–2030-cu illər üzrə dövlət zəmanətlərinin 2 milyard manatadək verilməsinin nəzərdən keçirilə biləcəyi qeyd olunub. Lakin 2027-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsində həmin il üçün dövlət zəmanətinin limitinin 6 milyard manat müəyyənləşdirilməsi nəzərdə tutulur.
Bundan başqa, əvvəlki strategiyada 2030-cu ilin sonuna məcmu dövlət zəmanətli maliyyə öhdəliklərinin həcminin 16,8 milyard manatadək azaldılması hədəfi müəyyən edilib.
“Qeyd olunanları nəzərə alaraq, hesab edirik ki, dövlət borcunun orta və uzunmüddətli dövrə strateji çərçivəsinin yenilənməsinə, o cümlədən 2027–2030-cu illəri əhatə edəcək ölkə strategiyası və büdcə xərcləri üzrə müəyyən edilməli olan fiskal institutlarla uzlaşdırılaraq işlənməsinə zərurət var”, – deyə o vurğulayıb.
Hesablama Palatasının sədri büdcə qanunvericiliyinin də müasir iqtisadi çağırışlara uyğunlaşdırılmasının vacibliyini qeyd edib.
Onun sözlərinə görə, hazırda büdcə münasibətləri müxtəlif hüquqi aktlarla tənzimlənir və praktikada bu sənədlər arasında müəyyən ziddiyyətlər yaranır.
“Bu ziddiyyətlərdən çıxış yolunu bütün büdcə prosesinin vahid hüquqi sənəddə təsbit edilməsində, başqa sözlə desək, Büdcə Məcəlləsinin hazırlanmasında görürük”, – deyə V.Gülməmmədov bildirib.
O əlavə edib ki, “Büdcə sistemi haqqında” Qanunun maliyyə sənədlərinin təqdimat siyahısını tənzimləyən 12, 16, 18 və 20-ci maddələrinin də müasir rəqəmsal idarəetmə tələblərinə uyğunlaşdırılmasına ehtiyac var.
Palata sədri 2027-ci ilin büdcə siyasətində yeni istiqamətlərin müəyyənləşdirilməsini müsbət qiymətləndirib.
Onun sözlərinə görə, yeni xərc siyasətində dayanıqlı və yüksək iqtisadi artımın dəstəklənməsi, təmiz ətraf mühit və yaşıl artımın təmin olunması, süni intellekt və rəqəmsallaşma vasitəsilə dövlət xidmətlərinin keyfiyyətinin və səmərəliliyinin artırılması nəzərdə tutulur.
V.Gülməmmədov hesab edir ki, süni intellekt və rəqəmsallaşma yalnız texnoloji yeniliklərə uyğunlaşma kimi deyil, iqtisadi artımı dəstəkləyən strateji istiqamət kimi qiymətləndirilməlidir.
O, həmçinin dövlət büdcəsindəki məqsədli ekoloji fondların ləğvindən sonra həmin fondların əvvəlki gəlir mənbələri ilə xərc istiqamətləri arasındakı əlaqənin və ekoloji tədbirlərin maliyyələşdirilməsinin davamlılığının qorunmasının vacibliyini vurğulayıb.
Palata sədrinin fikrincə, ətraf mühitin mühafizəsi və bərpası ilə bağlı ödənişlərin “ekoloji vergi” çərçivəsində Dövlət Vergi Xidməti vasitəsilə vahid yığım mexanizmi ilə formalaşdırılması məqsədəuyğun olardı. Bu prosesdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin texniki ekspertizası ilə Dövlət Vergi Xidmətinin inzibatçılığının əlaqələndirilməsi təklif edilir.
V.Gülməmmədov cari xərclərin dövlət büdcəsindəki payının artmasının da uzunmüddətli maliyyə dayanıqlılığı üçün risk yarada biləcəyini bildirib. O qeyd edib ki, bu pay 60,4 faizdən 62,3 faizə yüksəlib.
“Cari xərclərin büdcədəki payının davamlı artması uzunmüddətli maliyyə dayanıqlılığı üçün risk yarada biləcəyindən büdcə qaydasında cari xərclərin artım tempinə limit qoyulmasını təklif edirik”, – deyə o bildirib.
Hesablama Palatasının digər təkliflərindən biri dövlət proqramlarının maliyyələşdirilməsi və icrasına dair məlumatların büdcə sənədlərində daha ətraflı əks etdirilməsidir.
Palata sədri bildirib ki, 2021-ci ildə təsdiq edilmiş dövlət proqramlarının tərtibi, icrası, monitorinqi və qiymətləndirilməsi qaydaları əsasında indiyədək 30-a yaxın dövlət proqramı və digər strateji sənəd qəbul edilib.
Onun sözlərinə görə, dövlət büdcəsi hesabına maliyyələşdirilməsi nəzərdə tutulan məqsədli proqramların bütün xərcləri büdcədə ayrıca sətirlərlə göstərilməli, büdcə sənədləşməsində əks olunmayan proqramlar da müvafiq məlumatlara daxil edilməlidir.
Eyni zamanda, gələcəkdə nəticəəsaslı büdcə islahatları genişləndirildikcə proqramlar üzrə qeyri-maliyyə göstəricilərinin də büdcə sənədlərinə əlavə edilməsi təklif olunur.
Çıxışında büdcə-vergi siyasətinin prioritetlərinə də toxunan V.Gülməmmədov müdafiə olunan xərc maddələrinin maliyyə təminatının ayrıca xərc siyasəti istiqaməti kimi müəyyənləşdirilməsinə yenidən baxılmasını məqsədəuyğun hesab edib. Onun fikrincə, büdcə-vergi siyasəti inzibati öhdəliklərdən daha çox makroiqtisadi hədəflərə və iqtisadiyyatın stimullaşdırılmasına fokuslanmalıdır.
Hesablama Palatasının sədri yekunda bildirib ki, 2027-ci il dövlət büdcəsi layihəsi qanunvericiliyin tələblərinə uyğun hazırlanıb və ölkənin strateji hədəflərinin maliyyə təminatına xidmət edəcək.
