Bakı.Trend:
Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Rusiyanın Ukrayna ilə bağlı sülh danışıqlarında irəli sürdüyü tələbləri absurd adlandırıb.
Bu barədə "İnterfaks-Ukrayna" məlumat yayıb.
Kallas bazar ertəsi Brüsseldə Aİ Xarici İşlər Şurasının iclası ərəfəsində jurnalistlərə açıqlamasında bildirib ki, Rusiya 2021-ci ildə irəli sürdüyü tələbləri indi yenidən gündəmə gətirir və onlara yenilərini əlavə edir.
“Rusiyanın yenilənmiş tələbləri müharibənin davam etdirilməsi üçün açıq bəhanədir. Biz Rusiyanın maksimal tələblərinə cavab olaraq öz maksimal tələblərimizi irəli sürməliyik”, – deyə Kallas qeyd edib.
O bildirib ki, Rusiya əvvəlcə çoxsaylı tələblər irəli sürür, daha sonra onların bir qismini geri götürərək özünü guya konstruktiv tərəf kimi göstərməyə çalışır.
Kallas Rusiyanın müharibəni başladan tərəf olduğunu xatırladaraq vurğulayıb ki, Ukraynada və Avropada ədalətli və davamlı sülhün təmin olunması üçün Moskva güzəştlərə getməlidir.
