Bakı.Trend:
Azərbaycanın keçmiş 500 manatlıq əsginası, el arasında “Nizami” kimi tanınan pul vahidi, 1993-cü ildə dövriyyəyə buraxılıb və 2007-ci il yanvarın 1-dən etibarən tədavüldən çıxarılıb. Denominasiyadan əvvəl nominal dəyəri yüksək görünsə də, yeni manatla cəmi 10 qəpiyə bərabər idi. Hazırda isə bu əsginasın kolleksiya bazarında qiyməti onun saxlanma vəziyyətindən, seriya nömrəsindən və buraxılış xüsusiyyətlərindən asılı olaraq dəyişir.
Bunu Trend-ə açıqlamasında numizmat Fərhad Məmmədov bildirib.
Onun sözlərinə görə, 500 manatlıq əsginas ilk dəfə 1993-cü ildə dövriyyəyə buraxılıb. İlkin buraxılışlar Milli Bankın (indiki Azərbaycan Mərkəzi Bankı) sifarişi ilə Fransa Mərkəzi Bankı tərəfindən, sonrakı buraxılışlar isə Böyük Britaniyanın “De La Rue” şirkəti tərəfindən çap olunub.
Numizmat qeyd edib ki, əsginasın dizaynının müəllifi Azərbaycanın xalq rəssamı Eldar Mikayılzadədir. Maraqlı məqamlardan biri isə əsginasın üzərindəki təsvirlə bağlıdır.
“İlkin olaraq bu əsginasın üzərində Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri olan Məhəmməd Əmin Rəsulzadənin portretinin yerləşdirilməsi nəzərdə tutulmuşdu. Lakin həmin dövrdə prezident Əbülfəz Elçibəyin istəyi ilə Rəsulzadənin portreti 1 000 manatlıq əsginasın dizaynında əks olundu. 500 manatlıq əsginasda isə XII əsrdə yaşayıb-yaratmış görkəmli Azərbaycan şairi Nizami Gəncəvinin təsviri yer aldı”, – deyə Fərhad Məmmədov bildirib.
O qeyd edib ki, əsginasın ölçüləri 63x125 millimetrdir. Saxtalaşdırma hallarının qarşısını almaq məqsədilə onun üzərində üç alov təsvirindən ibarət su nişanı yerləşdirilib. Sonrakı buraxılışlarda isə ultrabənövşəyi şüalar altında görünən əlavə təhlükəsizlik elementləri tətbiq olunub.
“Bir Nizami” ilə nə almaq mümkün idi?
Fərhad Məmmədov bildirib ki, 500 manatlıq əsginasın dövriyyədə olduğu dövrdə alıcılıq qabiliyyəti indiki dəyərlə müqayisədə fərqli olub. Onun sözlərinə görə, 2005-ci il sentyabrın 22-də Trend-də dərc edilmiş məqalədə həmin vaxt 10 ədəd yumurtanın 4 000 manata satıldığı qeyd olunub. Bu isə bir “Nizami”yə bir yumurta almağın mümkün olduğunu göstərir. Bir şüşə mineral suyu isə təxminən dörd belə əsginasa almaq olardı.
Paytaxt sakini, təqaüdçü İlham Məmmədov da 500 manatlıq əsginasın alıcılıq qabiliyyəti ilə bağlı xatirələrini bölüşüb.
“Sovet İttifaqının süqutundan sonra Milli Bank öz pullarımızın buraxılmasını təmin etdi. Onlardan biri də 500 manatlıq, yəni bir ‘Nizami’ idi. Bu 500 manata cəmi iki dəfə metroda getmək olardı. Jetonun biri 250 manat idi. İki ‘Nizami’yə, yəni 1 000 manata isə bir ədəd çörək almaq mümkün idi”, – deyə İlham Məmmədov bildirib.

“Nizami”nin hazırkı kolleksiya dəyəri nə qədərdir?
Fərhad Məmmədovun sözlərinə görə, hazırda tədavüldən çıxmış bu əsginasın qiyməti ilk növbədə onun saxlanma vəziyyətindən asılıdır. Beynəlxalq numizmatik praktikada əsginasların vəziyyəti 70 ballıq qiymətləndirmə sistemi əsasında dəyərləndirilir. Bu sistemdə 1 ən aşağı, 70 isə ideal vəziyyəti ifadə edir.
Numizmat bildirib ki, XF (Extremely Fine) dərəcəsinə aid əsginaslar dövriyyədə olmuş, bir neçə dəfə qatlanmış, kənarlarında və künclərində aşınma izləri yaranmış, kağızının ilkin sərtliyini qismən itirmiş, lakin ümumilikdə yaxşı qorunmuş nümunələrdir. Belə əsginasların yerli bazarda qiyməti təxminən 1-2 manat təşkil edir.
AU (About Uncirculated) dərəcəli nümunələr isə çox qısa müddət dövriyyədə olmuş, üzərində cüzi qat izi qalmış, lakin ilkin keyfiyyətini böyük ölçüdə qorumuş əsginaslardır. Onların qiyməti 2-3 manat arasında dəyişir.
“Bankdan çıxdığı vəziyyətdə saxlanılmış, yəni dövriyyədə olmamış 500 manatlıq əsginasların qiyməti isə ən azı 5 manatdır. Beynəlxalq sertifikatlaşdırmadan keçmiş nümunələr daha baha qiymətləndirilir. Məsələn, 65-66 dərəcəli əsginaslar təxminən 35-40 manat, 67 dərəcəli nümunələr isə 50 manat civarında dəyərə malikdir”, – deyə o bildirib.

Fərhad Məmmədov əlavə edib ki, bəzi seriya prefiksləri də əsginasın qiymətinə təsir göstərə bilər. Onun sözlərinə görə, “drop” prefiksli nümunələr iki hərfli prefiksə malik əsginaslarla müqayisədə daha az rast gəlinir və onların qiymətində müəyyən fərq yaranır.
Numizmat nümunə kimi dövriyyədə olmamış 500 manatlıq əsginasın 2023-cü ildə Katz hərracında 39 avroya, yəni təxminən 73 manata satıldığını qeyd edib.
Onun sözlərinə görə, xüsusi seriya nömrələrinə malik əsginaslar isə daha yüksək qiymətə alıcı tapa bilər. Xüsusilə bütün rəqəmləri eyni olan “solid” seriyalı əsginaslar kolleksiyaçılar arasında maraq doğurur.
“Solid seriyalı, yəni seriya nömrəsi yalnız bir rəqəmdən ibarət olan 500 manatlıq əsginasın təxmini dəyəri 100-150 manat arasında dəyişə bilər. Lakin belə nümunələrin real satış qiyməti bazardakı tələb və təklifdən asılıdır”, – deyə Fərhad Məmmədov bildirib.
Aşağıda (Solid) yalnız eyni rəqəmdən ibarət seriya nümunəsi əks olunub:

O əlavə edib ki, ən maraqlı və nadir nümunələrdən biri sınaq və təqdimat məqsədilə hazırlanmış Specimen əsginaslarıdır. Belə əsginasların üzərində, adətən, “SPECIMEN” yazısı olur və onlar adi dövriyyə üçün nəzərdə tutulmur.
Numizmatın sözlərinə görə, "Spink" hərracının məlumat bazasında 66 dərəcəsi ilə sertifikatlaşdırılmış, seriya nömrəsi olmayan belə bir 500 manatlıq əsginasın təxmini qiyməti 300-650 manat aralığında göstərilir.
Beləliklə, vaxtilə gündəlik alış-verişdə istifadə olunan 500 manatlıq “Nizami” əsginası bu gün adi vəziyyətdə cəmi bir neçə manat dəyərində olsa da, nadir seriya nömrəsi, xüsusi buraxılışı və ya yüksək qorunma vəziyyəti onun qiymətini yüzlərlə manata qədər yüksəldə bilər.
