Azərbaycan postsovet məkanında pensiya təminatına görə əksər ölkələri qabaqlayır.
Trend-in araşdırmasına görə, Azərbaycanda orta pensiyanın məbləği Rusiyadan, Moldovadan, Ukraynadan, Gürcüstandan, Qırğızıstandan, Özbəkistandan, Qazaxıstandan, Türkmənistandan və Tacikistandan yüksəkdir.
Üstəlik, ölkədə orta aylıq pensiyanın gələn il 640 manata çatacağı gözlənilir.
2026-cı il üzrə postsovet ölkələrində orta pensiyaların müqayisəsinə dair açıqlanan statistik göstəricilər Azərbaycanın bu sahədəki mövqeyini ortaya qoyur.
Azərbaycan keçmiş SSRİ respublikaları arasında orta pensiyanın məbləğinə görə 5-i yerdə qərarlaşıb. Müqayisə üçün istifadə olunan məlumatlarda ölkəmizdə orta pensiya 595 manat və ya 350 dollar göstərilib.
Beləliklə, Azərbaycan bu göstərici ilə Qafqaz və Mərkəzi Asiya regionunda liderdir. Qazaxıstanda orta aylıq pensiya 349 dollar, Rusiyada orta pensiya 310 dollar, Moldovada 269 dollar, Ukraynada 166 dollar təşkil edir.
Azərbaycanla müqayisədə Ermənistanda orta pensiya 164 dollar, Türkmənistanda 160 dollar səviyyəsindədir. Qırğızıstanda orta pensiya 147 dollar, Gürcüstanda 143 dollar, Özbəkistanda 132 dollar, Tacikistanda isə orta pensiya cəmi 55 dollar təşkil edir.
Başqa sözlə, müqayisədə Azərbaycan Rusiyadan, Cənubi Qafqazın və Mərkəzi Asiya ölkələrindən daha yüksək orta pensiya göstəricisinə malikdir.
Reytinqdə ilk pillələrdə üç Baltik ölkəsi və Belarus qərarlaşıb. Estoniyada orta pensiya 965 dollar, Litvada 842 dollar, Latviyada 770 dollar, Belarusda isə 375 dollar təşkil edir.
Pensiya təminatı ilə bağlı Azərbaycanda növbəti il üçün də artım proqnozlaşdırılır.
Belə ki, bu il ölkədə orta aylıq pensiyanın 595 manat, 2027-ci ildə isə 640 manat olacağı gözlənilir. Bu, 45 manatlıq artım deməkdir. Beləliklə, gələn il Azərbaycanda pensiyaçı orta hesabla 640 manat (377 dollar) alacaq.
Bu barədə “Dövlət Sosial Müdafiə Fondunun 2027-ci il büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirilmişdi.
Beləliklə, Azərbaycanın pensiya təminatı üzrə postsovet məkanında bir sıra ölkələri qabaqlaması və orta pensiyanın növbəti il daha 45 manat artırılmasının proqnozlaşdırılması sosial təminat sahəsində liderliyini saxlaması anlamına gəlir.
