Bakı. Trend:
Noyabrın 16-da Pakistan İslam Respublikasının paytaxtı İslamabad şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının 30-cu iclasında Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, iclasda çıxış edən nazir müavini İƏT çərçivəsində
əməkdaşlığın gücləndirilməsi, təşkilatın institusional inkişafı,
iqtisadi-ticarət, nəqliyyat, enerji və rəqəmsallaşma sahələrində
əməkdaşlıq imkanları ilə bağlı ölkəmizin mövqeyini diqqətə
çatdırıb.
Ötən il Xankəndidə keçirilmiş İƏT-in 17-ci Zirvə görüşünün və ilk
“İƏT Həftəsi”nin regional əməkdaşlığın inkişafına töhfəsi qeyd
olunub, əldə edilmiş razılaşmaların həyata keçirilməsinin
əhəmiyyəti vurğulanıb.
Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən nəqliyyat,
enerji və rəqəmsal infrastruktur layihələrinin regionda
bağlantıların gücləndirilməsində rolu diqqətə çatdırılıb. Ölkəmizdə
yerləşən İƏT təsisatlarının fəaliyyətinin dəstəklənməsinin
vacibliyindən bəhs olunub.
Nazir müavini, həmçinin regionda davamlı sülh və sabitliyin təmin
olunması istiqamətində ölkəmizin səyləri, işğaldan azad edilmiş
ərazilərdə aparılan bərpa və quruculuq işləri, keçmiş məcburi
köçkünlərin qayıdışı barədə məlumat verib.
Görüşün sonunda “İslamabad Kommünikesi” adlı yekun sənəd qəbul
edilib.
Səfər çərçivəsində Pakistan İslam Respublikasının Baş naziri
Məhəmməd Şahbaz Şərif İƏT-ə üzv dövlətlərin nümayəndə heyətlərinin
rəhbərlərini, o cümlədən nazir müavini Elnur Məmmədovu qəbul
edib.
