Ağdaşın 8 kəndini birləşdirən yolun tikintisi sürətləndirilməlidir – deputat

Siyasət Xəbər 16 Noyabr 2026 16:01 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Parlament müxbiri Bütün xəbərlər

Bakı. Trend:

Ağdaş rayonunun 8 kəndini birləşdirən yolun tikintisi və elektrik təsərrüfatının yenilənməsi sürətləndirilməli, su və qaz təchizatında mövcud problemlərin həlli diqqətdə saxlanılmalıdır.

Trend-in müxbirinin xəbərinə görə, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədr müavini, deputat Sahib Alıyev parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, seçiciləri və Ağdaş sakinləri rayondakı bəzi problemlərin həllinin uzanmasını büdcənin dörddə birindən çoxunun iki mühüm sahəyə ayrılması ilə əlaqələndirərək anlayışla qarşılayırlar.

S.Alıyev bu münasibətə görə seçicilərinə və Ağdaş sakinlərinə təşəkkür edib, hökumətdən isə rayonun 8 kəndini birləşdirən yolun tikintisinin, eləcə də elektrik təsərrüfatının yenilənməsinin sürətləndirilməsini xahiş edib.

O qeyd edib ki, ən azı hər hansı kənddə qəza baş verdikdə bunun bir neçə digər kənddə də elektrik enerjisinin kəsilməsinə səbəb olmaması üçün elektrik şəbəkəsində ayrıcıların sayı artırılmalıdır.

“Bu ayrıcılar elə də baha deyil”, – deyə deputat bildirib.

S.Alıyev 2026-cı ildə Pirəyir kəndində bu problemin həll olunduğunu diqqətə çatdıraraq müvafiq quruma təşəkkürünü ifadə edib.

Bununla yanaşı, o bildirib ki, Ağdaşın hələ də xeyli kəndi, xüsusilə içməli su qıtlığından əziyyət çəkir.

Deputat qeyd edib ki, Ağdaş şəhəri ilə birlikdə 12 yaşayış məntəqəsində qaz çəkilməyən məhəllələr var. Bundan başqa, Qaradeyin kəndi istisna olmaqla, rayonun Kürqırağı kəndləri qazlaşdırılmayıb.

O, bu məsələlərin diqqətdə saxlanılmasını xahiş edib.

S.Alıyev bildirib ki, həmin yaşayış məntəqələri arasında Abbad kəndi xüsusilə çətin vəziyyətdədir: kəndin nə qazı, nə də asfalt yolu var.

“Gələn il heç olmasa bu problemlərdən birinin həllini tapacağına ümid edirəm”, – deyə deputat vurğulayıb.

Ağdaşdakı məktəblərin və ümumilikdə sosial obyektlərin vəziyyətinə də toxunan S.Alıyev onların durumunun təxminən digər rayonlardakı vəziyyətlə eyni olduğunu bildirib.

Deputat hesab edir ki, həm Ağdaşda, həm də digər rayonlarda məktəblərin birləşdirilməsinə və onların yerində Zəngilandakı təhsil kompleksinə bənzər müasir təhsil komplekslərinin tikintisinə ehtiyac var.

O bildirib ki, süni intellekt erası həm tədrisin, həm də təhsil infrastrukturunun tamamilə yenilənməsini tələb edir.

“Qızıl milyard” ideyasının dövriyyəyə çıxarıldığı bir vaxtda bu sahədə gecikmənin nə anlam daşıdığını yəqin izah etməyə ehtiyac yoxdur”, – deyə S.Alıyev qeyd edib.

Xəbər lenti

Xəbər lenti