Bakı. Trend:
2027-ci ildən Azərbaycanda ev təsərrüfatlarının uçotunun aparılması qaydası dəyişəcək. Belə ki, uçot prosesi planşetlər vasitəsilə tam elektronlaşdırılacaq, toplanan məlumatlar vahid informasiya sistemində birləşdirilərək Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya ediləcək. Yeni mexanizm vətəndaşlara öz ev təsərrüfatlarına dair məlumatlarla “mygov” platforması üzərindən heç bir əlavə müraciət etmədən tanış olmaq imkanı yaradacaq.
Bəs bu yeni sistem vətəndaşlara nə qazandıracaq?
Məsələ ilə bağlı iqtisadçı Elçin Rəşidov Trend-ə açıqlamasında bildirib ki, ev təsərrüfatları ilə bağlı məlumatların elektron qaydada toplanması və vahid sistemdə cəmləşdirilməsi dövlət idarəçiliyinin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, bir çox ölkələrdə məlumatların toplanması sahəsində müəyyən qaydalar və şəffaf mexanizmlər mövcuddur ki, bu da hökumət qurumlarının daha səmərəli qərarlar qəbul etməsinə imkan yaradır.
“Dəqiq statistik məlumatların toplanması ev təsərrüfatlarının planlaşdırılmasına, xərclərin optimallaşdırılmasına və dövlət infrastruktur layihələrinin həyata keçirilməsinə kömək edir. Qərarlar qəbul edilərkən subyektiv yanaşmalar deyil, məhz real ehtiyacları əks etdirən məlumatlar əsas götürülməlidir. Əks halda, subyektiv qərarlar iqtisadi maraqlara xidmət etmir və iqtisadiyyata zərər vurur”, – deyə o bildirib.
İqtisadçı qeyd edib ki, bəzi hallarda dövlət qurumları və nazirliklər müəyyən qaydaların tətbiqinə qarşı çıxırlar. Bunun səbəbi isə həmin qaydaların qurumdaxili maraqlara mane olması ilə bağlıdır.
“Qaydasızlıq və şəffaflığın olmaması subyektiv qərarların verilməsinə, maliyyə vəsaitlərinin səmərəsiz xərclənməsinə və büdcəyə əlavə yük yaranmasına səbəb olur. Məsələn, təhsil sahəsində vaxtilə İdarəetmə Məlumat Sistemi kimi platformalar yaradılsa da, bəzi hallarda məktəb tikintisi və ya sinif otaqlarının sayının müəyyənləşdirilməsində həmin məlumatlardan tam istifadə olunmur”, – deyə iqtisadçı vurğulayıb.
E. Rəşidovun sözlərinə görə, məlumatların toplanması ilə yanaşı, onların düzgün idarə edilməsi və qərarların qəbulunda tətbiqi də vacibdir.
"Düzgün idarəetmə üçün şəffaf mexanizmlərin qurulması və qərarların məhz obyektiv məlumatlara əsaslanması vacib şərtdir”, – deyə ekspert əlavə edib.
