AİİB "Xəzər Yaşıl Enerji Dəhlizi" layihəsinin növbəti mərhələlərində iştirakı nəzərdən keçirməyə hazırdır (MÜSAHİBƏ)

İqtisadiyyat Müsahibə 17 Noyabr 2026 08:00 (UTC +04:00)
AİİB "Xəzər Yaşıl Enerji Dəhlizi" layihəsinin növbəti mərhələlərində iştirakı nəzərdən keçirməyə hazırdır (MÜSAHİBƏ)
Ləman Zeynalova
Ləman Zeynalova
Baş redaktorun müavini Bütün xəbərlər

Bakı.Trend:

Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərinin birləşdirilməsini, bərpa olunan enerji mənbələrindən əldə edilən elektrik enerjisinin ticarətinin inkişafını və sonradan Avropaya ixracını nəzərdə tutan “Xəzər Yaşıl Enerji Dəhlizi” layihəsinin növbəti mərhələlərində iştirak imkanlarını nəzərdən keçirməyə açıqdır.

Bu barədə AİİB-nin investisiya qərarları üzrə vitse-prezidenti Acay Bhuşan Pandey Trend-ə verdiyi özəl müsahibədə bildirib.

Onun sözlərinə görə, “Xəzər Yaşıl Enerji Dəhlizi” layihəsi dənizdə külək enerjisinin inkişafı təşəbbüsləri ilə yanaşı, Xəzər regionunun bərpa olunan enerji potensialının reallaşdırılması, regional enerji əlaqələrinin gücləndirilməsi və elektrik enerjisinin transsərhəd ticarətinin inkişafı üçün geniş imkanlar açır.

“AİİB-nin bu təşəbbüslərin ilkin hazırlıq mərhələsində göstərdiyi dəstək irimiqyaslı regional infrastruktur planlarının maliyyələşdirilməyə hazır investisiya layihələrinə çevrilməsinə kömək etmək öhdəliyimizi əks etdirir. Bu miqyasda və mürəkkəblikdə olan layihələr hərtərəfli texniki, ekoloji və kommersiya qiymətləndirməsi, eləcə də iştirakçı ölkələr və maraqlı tərəflər arasında səmərəli əlaqələndirmə tələb edir.

Gələcəkdə bu təşəbbüslər irəlilədikcə maliyyələşdirmənin növbəti mərhələlərində iştirak imkanlarını nəzərdən keçirməyə hazırıq. Potensial investisiyalar layihələrin hazırlıq səviyyəsindən, texniki və kommersiya baxımından səmərəliliyindən, həmçinin bankın müəyyən etdiyi qiymətləndirmə və təsdiq prosedurlarından keçməsindən asılı olacaq”, - deyə AİİB-in vitse-prezidenti qeyd edib.

Pandey vurğulayıb ki, bankın daha geniş hədəfi regional əlaqələrin gücləndirilməsinə və əlavə dövlət və özəl kapitalın cəlb edilməsinə töhfə verən dayanıqlı infrastruktur investisiyaları üçün əlverişli şərait yaratmaqdır.

“Transsərhəd enerji əlaqələrinin inkişafı AİİB-in strateji prioritetlərinə tam uyğundur. Xüsusilə bu əlaqələr bərpa olunan enerji mənbələrinin inteqrasiyasına, enerji təhlükəsizliyinin gücləndirilməsinə və regional iqtisadi əməkdaşlığın inkişafına töhfə verdikdə onların əhəmiyyəti daha da artır. “Xəzər Yaşıl Enerji Dəhlizi” layihəsi elektrik enerjisi mübadiləsi üçün yeni imkanlar yaratmaqla və bərpa olunan enerji mənbələrini regional bazarlarla birləşdirməklə bu məqsədlərə töhfə verə bilər”, - deyə o bildirib.

AİİB-in vitse-prezidenti elektrik enerjisinin ötürülməsi üçün sualtı infrastrukturun yaradılmasının texniki baxımdan mürəkkəb və böyük kapital tələb edən proses olduğunu da diqqətə çatdırıb.

“Belə layihələrin uğurla həyata keçirilməsi hərtərəfli texniki-iqtisadi əsaslandırmaların aparılmasından, aydın kommersiya və normativ-hüquqi mexanizmlərin mövcudluğundan, ekoloji və sosial təsirlərin qiymətləndirilməsindən, eləcə də iştirakçı ölkələr və layihə təşəbbüskarları arasında effektiv əlaqələndirmənin olmasından asılıdır.

Bu baxımdan, texniki-iqtisadi əsaslandırmanın ilkin mərhələsi layihənin texniki və kommersiya əsaslarının formalaşdırılması üçün mühüm əhəmiyyət daşıyır. Layihə irəlilədikcə və zəruri investisiya mexanizmləri formalaşdıqca AİİB növbəti mərhələlərdə iştirak imkanlarını nəzərdən keçirməyə açıqdır. Potensial maliyyələşdirmə bankın qüvvədə olan siyasət və müəyyən edilmiş qiymətləndirmə və təsdiq prosedurlarına uyğun həyata keçiriləcək”, - deyə Pandey əlavə edib.

AİİB-in Azərbaycanın bərpa olunan enerji sektoruna perspektivli investisiya imkanları barədə

Pandey bildirib ki, AİİB Azərbaycanın bərpa olunan enerji sektorunda dəyər zəncirinin bütün mərhələlərinin inkişafı üçün əlavə investisiya imkanları görür.

Onun sözlərinə görə, Azərbaycan bərpa olunan enerji mənbələrinin daha da inkişaf etdirilməsi və regional enerji əlaqələrində mühüm iştirakçı kimi mövqeyinin möhkəmləndirilməsi baxımından əhəmiyyətli potensiala malikdir.

“AİİB artıq ölkədə bərpa olunan enerji sektorunun inkişafına dəstək göstərib. Belə ki, ümumi quraşdırılmış gücü 760 MVt olan Biləsuvar və Bankə günəş elektrik stansiyaları layihələri üçün 170 milyon ABŞ dolları məbləğində suveren təminatı olmayan maliyyələşdirməni təsdiqləyib. Bundan əlavə, 200 MVt gücündə təklif olunan “Abşeron-Qaradağ” yerüstü külək elektrik stansiyasının tikintisi layihəsi də daxil olmaqla, əlavə imkanları nəzərdən keçiririk.

Gələcəkdə enerji dəyər zəncirinin bütün mərhələlərində investisiya imkanları görürük. Bərpa olunan mənbələr hesabına elektrik enerjisi istehsalı güclərinin artırılması ilə yanaşı, enerji saxlama sistemlərinə, elektrik enerjisinin ötürülməsinə və elektrik şəbəkələrinin modernləşdirilməsinə investisiyalar getdikcə daha böyük əhəmiyyət kəsb edəcək. Bu, istehsal həcmi dəyişkən olan bərpa olunan enerji mənbələrinin enerji sisteminə inteqrasiyası, onun etibarlılığının artırılması və elektrik enerjisi ticarətinin inkişafına dəstək baxımından zəruridir”, - deyə o qeyd edib.

AİİB-in vitse-prezidenti hesab edir ki, Xəzər dənizinin bərpa olunan enerji potensialı nəzərə alınsa, dənizdə külək enerjisi uzunmüddətli inkişaf üçün perspektivli istiqamətdir.

“Bu potensialın reallaşdırılması layihələrin diqqətlə hazırlanmasını, o cümlədən texniki və ekoloji qiymətləndirmələrin aparılmasını, zəruri yardımçı infrastrukturun yaradılmasını və müvafiq kommersiya mexanizmlərinin formalaşdırılmasını tələb edəcək.

Qeyd etmək vacibdir ki, 2025-ci ilin sentyabrında Azərbaycanla imzalanmış Strateji Əməkdaşlıq haqqında Birgə Bəyannamə tərəfdaşlığımızın dərinləşdirilməsi və çoxillik investisiya proqramının hazırlanması üçün əsas yaradır.

Bu əməkdaşlıq yalnız bərpa olunan enerji sektorunu deyil, həm də iqlim dəyişikliklərinə davamlı infrastrukturu, regional əlaqələrin gücləndirilməsini və dövlət-özəl tərəfdaşlığı mexanizmləri də daxil olmaqla, özəl investisiyaların cəlb edilməsini əhatə edir. Daha geniş kontekstdə məqsədimiz həm Azərbaycanın, həm də bütövlükdə regionun dayanıqlı inkişafına töhfə verməkdir. Ümid edirik ki, ortaq prioritetlərimizi maliyyələşdirilməyə hazır investisiya layihələrinə çevirmək üçün Azərbaycanla sıx əməkdaşlıq edəcəyik”, - deyə Pandey bildirib.

AİİB-in Mərkəzi Asiyada iqlim maliyyələşdirilməsi və infrastruktur investisiyaları üzrə regional prioritetləri

Pandey vurğulayıb ki, AİİB Mərkəzi Asiyada ayrı-ayrı bərpa olunan enerji obyektlərinin maliyyələşdirilməsindən daha kompleks və dayanıqlı infrastruktur sistemlərinin dəstəklənməsinə tədricən keçid edir.

Onun sözlərinə görə, infrastruktur sahəsində əhəmiyyətli investisiya ehtiyacları, bərpa olunan enerji potensialı və iqlim risklərinə həssaslıq Mərkəzi Asiyanı AİİB üçün mühüm regiona çevirir.

“Biz Özbəkistan və Qazaxıstan kimi ölkələrdə enerji keçidini fəal şəkildə dəstəkləyirik. Bu ölkələrdə bərpa olunan enerji sahəsinə investisiyalar getdikcə daha çox enerji saxlama sistemlərinin və müvafiq elektrik enerjisi infrastrukturunun inkişafı ilə tamamlanır. Məsələn, Özbəkistanda külək enerjisi və akkumulyator əsaslı enerji saxlama sistemlərinin inkişafına dəstək göstərmişik. Bu çərçivədə 200 MVt gücündə Nukus II külək elektrik stansiyasının və akkumulyator enerji saxlama sisteminin (BESS) tikintisi layihəsini təsdiqləmişik. Bu, bərpa olunan enerji gücləri artdıqca enerji sisteminin çevikliyinin yüksəldilməsinin vacibliyini göstərir.

Qazaxıstanda da bərpa olunan enerji istehsalını, enerji saxlama sistemlərini və elektrik enerjisinin ötürülməsi infrastrukturunu birləşdirən layihələrin həyata keçirilməsi imkanlarını araşdırırıq. Fəaliyyətimiz Qırğızıstan və Tacikistan da daxil olmaqla, regionun digər ölkələrini də əhatə edir. Bu ölkələrdə su ehtiyatları və nəqliyyat infrastrukturu sahəsində layihələrə dəstək göstərmişik”, - deyə o bildirib.

Pandey qeyd edib ki, bankın yanaşması tədricən dəyişir: ayrı-ayrı bərpa olunan enerji obyektlərinin maliyyələşdirilməsi əvəzinə, daha inteqrasiya olunmuş və dayanıqlı infrastruktur sistemlərinin dəstəklənməsinə üstünlük verilir.

“Bu yanaşma elektrik enerjisinin ötürülməsi, enerji şəbəkələrinin modernləşdirilməsi, su ehtiyatlarının idarə olunması, iqlim dəyişikliklərinə davamlı infrastruktur və regional əlaqələrin gücləndirilməsi sahələrində layihələrin həyata keçirilməsi üçün imkanlar yaradır.

Su təhlükəsizliyi Mərkəzi Asiya üçün xüsusi əhəmiyyət daşıyır. Belə ki, iqlim dəyişikliyi su ehtiyatlarına çıxış və infrastrukturun dayanıqlılığı ilə bağlı mövcud problemləri daha da dərinləşdirə bilər. Biz əlverişli siyasi və normativ-hüquqi şəraitin yaradılmasının vacibliyini də qəbul edirik. Maliyyə alətlərimiz və tərəfdaşlıqlarımız vasitəsilə özəl investisiyaların cəlb edilməsinə və infrastrukturun dayanıqlı inkişafı üçün şəraitin gücləndirilməsinə yönəlmiş islahatları dəstəkləyirik.

Mərkəzi Asiya ölkələrini iqlim maliyyələşdirilməsinin həcminə görə sabit reytinq əsasında sıralamırıq. Fəaliyyətimiz bankın üzv ölkələrinin prioritetləri, potensial investisiyaların gözlənilən inkişaf effekti və layihələrin hazırlıq səviyyəsi əsasında müəyyən edilir. AİİB-nin ən böyük əlavə dəyər yarada biləcəyi imkanları müəyyənləşdirmək üçün region ölkələri ilə əməkdaşlığımızı davam etdirəcəyik”, - deyə o əlavə edib.

AİİB-nin 2030-cu ilədək Azərbaycan və Mərkəzi Asiya üçün iqlim maliyyələşdirilməsi üzrə hədəfləri

Pandey bildirib ki, AİİB Azərbaycan və Mərkəzi Asiya ölkələrində iqlim investisiyalarına dəstəyin genişləndirilməsi imkanlarını nəzərdən keçirir.

Onun sözlərinə görə, bankın Korporativ Strategiyası ayrı-ayrı ölkə və regionlar üçün sabit iqlim maliyyələşdirilməsi həcmləri müəyyən etmir, bunun əvəzinə bütün təşkilat üzrə ümumi maliyyələşdirmə hədəflərini nəzərdə tutur.

“Regiondakı investisiyalarımız üzv ölkələrin prioritetlərindən, layihələrin həyata keçirilməyə hazırlıq səviyyəsindən, onların inkişafa töhfəsindən və bankın investisiya meyarlarından asılı olacaq. 2025-ci ildə yenilənmiş AİİB Korporativ Strategiyası bankın birbaşa cəlb etdiyi özəl kapital da daxil olmaqla, illik maliyyələşdirmə həcminin 2030-cu ilədək 17 milyard ABŞ dollarına çatdırılmasını nəzərdə tutur.

Bu yaxınlarda, AİİB-in 2026-cı il üzrə illik toplantısında bankın prezidenti Zou Tsiyai ( Zou Jiayi-ing.) əlavə hədəf müəyyənləşdirərək illik maliyyələşdirmə həcminin təxminən iki dəfə artırılaraq 2030-cu ilədək 20 milyard ABŞ dollarına çatdırılmasını açıqlayıb. Eyni zamanda, öz vəsaitlərimizin illik həcminin yarıdan çoxunu iqlim investisiyalarına yönəltmək öhdəliyimiz qüvvədə qalır”, - deyə o bildirib.

Vitse-prezident qeyd edib ki, Azərbaycan və Mərkəzi Asiya bu hədəflərə, ilk növbədə, bərpa olunan enerji, enerji saxlama sistemləri, elektrik enerjisinin ötürülməsi, dayanıqlı nəqliyyat, su infrastrukturu və iqlim dəyişikliklərinə davamlılığın artırılması kimi istiqamətlər üzrə əhəmiyyətli töhfə vermək potensialına malikdir.

“Regionun infrastruktur ehtiyaclarının qarşılanmasında özəl kapitalın cəlb edilməsi həlledici əhəmiyyət daşıyacaq. AİİB bu prosesə bir-birini tamamlayan bir neçə mexanizm vasitəsilə töhfə verməyə çalışır.

Birincisi, bank uzunmüddətli maliyyələşdirmə təmin edə və layihələrin birgə maliyyələşdirilməsində iştirak etməklə kommersiya banklarının və institusional investorların cəlb olunmasına kömək edə bilər.

İkincisi, müvafiq maliyyə strukturlarının və risklərin bölüşdürülməsi mexanizmlərinin hazırlanmasına dəstək göstərməklə, o cümlədən məqsədəuyğun hallarda, xüsusilə irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi zamanı zəmanətlər təqdim etməklə dövlət-özəl tərəfdaşlığı layihələrini dəstəkləyə bilərik.

Üçüncüsü, layihələrin hazırlanmasına dəstək və hökumətlər, eləcə də inkişaf tərəfdaşları ilə əməkdaşlıq vasitəsilə özəl investisiyalara mane ola biləcək texniki, normativ və institusional maneələrin aradan qaldırılmasına kömək edə bilərik.

Nəhayət, iqlim məqsədlərinə yönəlmiş siyasət əsaslı maliyyələşdirmə alətimiz (Climate-Focused Policy-Based Financing) investisiya mühitinin yaxşılaşdırılmasına və maliyyələşdirilməyə hazır perspektivli iqlim infrastrukturu layihələri portfelinin formalaşdırılmasına yönəlmiş islahatların dəstəklənməsi üçün əlavə imkanlar yaradır”, - deyə o qeyd edib.

Pandey vurğulayıb ki, AİİB-in əsas vəzifəsi əlavə resursların cəlb edilməsi və yalnız dövlət vəsaitləri hesabına təmin edilməsi mümkün olmayan miqyasda dayanıqlı infrastrukturun inkişafına töhfə vermək üçün bankın maliyyələşdirməsinin katalizator rolunu təmin etməkdir.

AİİB-nin “yaşıl” maliyyələşdirmə sahəsində əsas prioritetləri

Pandey vurğulayıb ki, yaşıl infrastruktur bankın fəaliyyətinin əsas istiqamətlərindən biridir.

“Bizim yanaşmamız ondan ibarətdir ki, dayanıqlı infrastruktur iqtisadi inkişafa töhfə verməli, xarici təsirlərə qarşı davamlılığı artırmalı və aşağı karbonlu iqtisadiyyata keçidi dəstəkləməlidir. Eyni zamanda, təbiətin və biomüxtəlifliyin qorunması da daxil olmaqla, daha geniş ekoloji faydalar təmin edilməlidir.

Korporativ Strategiyamız illik maliyyələşdirmə həcminin 50 faizindən çoxunun iqlim investisiyalarına yönəldilməsini nəzərdə tutur. 2030-cu ilədək iqlim maliyyələşdirilməsinin ümumi həcminin 50 milyard ABŞ dollarını ötəcəyi gözlənilir. Artıq 2025-ci ildə təsdiqlənmiş ümumi maliyyələşdirmə həcminin 71 faizi iqlim maliyyələşdirilməsinin payına düşüb. 2024-cü ildə bu göstərici 67 faiz təşkil edib”, - deyə o bildirib.

Vitse-prezident qeyd edib ki, AİİB-in əsas prioritetlərinə bərpa olunan enerji, enerji saxlama sistemləri, elektrik enerjisinin ötürülməsi və elektrik şəbəkələrinin modernləşdirilməsi, enerji səmərəliliyinin artırılması, dayanıqlı nəqliyyat, su infrastrukturu və iqlim dəyişikliklərinə davamlı infrastrukturun inkişafı daxildir.

“Biz getdikcə ayrı-ayrı layihələrin dəstəklənməsi çərçivəsindən kənara çıxaraq, daha geniş infrastruktur sistemlərinə və yaşıl keçidin sürətləndirilməsi üçün zəruri şəraitin yaradılmasına diqqət yetiririk.

Suveren və qeyri-suveren kreditlər, investisiyalarda pay iştirakı, zəmanətlər, maliyyə vasitəçiləri vasitəsilə maliyyələşdirmə, eləcə də digər inkişaf maliyyələşdirmə institutları ilə tərəfdaşlıq daxil olmaqla, geniş çeşiddə maliyyə alətlərindən istifadə edirik. İqlim məqsədlərinə yönəlmiş siyasət əsaslı maliyyələşdirmə alətimiz (Climate-Focused Policy-Based Financing) aşağı karbonlu və iqlim dəyişikliklərinə dayanıqlı infrastruktura investisiyaların cəlb edilməsinə şərait yaradan siyasi və institusional islahatları dəstəkləməyə də imkan verir”, - deyə o bildirib.

Pandey özəl kapitalın cəlb edilməsinin bankın fəaliyyət yanaşmasının əsas istiqamətlərindən biri olduğunu vurğulayıb.

“2030-cu ilədək bankın öz maliyyələşdirməsi və birbaşa cəlb etdiyi özəl kapital nəzərə alınmaqla, özəl sektorun maliyyələşdirmədə payını 50 faizə çatdırmağı hədəfləyirik.

Maliyyələşdirmə, texniki ekspertiza, layihələrin hazırlanmasına dəstək və tərəfdaşlıq vasitəsilə onların investisiya cəlbediciliyini artırmağa, investisiya risklərini azaltmağa və dövlət-özəl tərəfdaşlığı mexanizmləri də daxil olmaqla, əlavə investorları cəlb etməyə çalışırıq. Nəticə etibarilə, məqsədimiz yalnız ayrı-ayrı yaşıl layihələri maliyyələşdirmək deyil, həm də dayanıqlı infrastruktura genişmiqyaslı investisiyaların cəlb edilməsi üçün əlverişli şərait yaratmaqdır”, - deyə o fikrini yekunlaşdırıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti