Bakı. Trend:
Ermənistan vətəndaşlarının Rusiyaya əmək miqrasiyası kəskin artmaqda davam edir. 2026-cı ilin ilk doqquz ayında 111 235 Ermənistan vətəndaşı işləmək məqsədilə Rusiyaya daxil olub.
Bu barədə TASS-ın Rusiyanın Daxili İşlər Nazirliyindən əldə etdiyi statistik materiallarda bildirilir.
Beləliklə, Ermənistan Rusiyaya işləmək məqsədilə gələn xarici ölkə vətəndaşlarının sayına görə 6-cı yerdə qərarlaşıb.
Ermənistanın Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı il oktyabrın 1-nə ölkənin daimi əhalisinin sayı 3 milyon 111 min 200 nəfər təşkil edib.
Bu baxımdan Rusiyaya iş məqsədilə qeydə alınan 111 235 giriş Ermənistanın ümumi əhalisinin təxminən 3,6 faizinə bərabərdir. Başqa sözlə, ölkənin hər 28 sakininsdən biri bu il Rusiyaya giriş edib.
Rusiyaya işləmək məqsədilə daxil olanların sayına görə ilk beşlikdə Özbəkistan (1 535 026 nəfər), Tacikistan (665 892 nəfər), Qırğızıstan (289 061 nəfər), Qazaxıstan (176 037 nəfər) və Çin (127 176 nəfər) yer alıb.
Azərbaycan isə 83 991 nəfərlə yeddinci yerdə qərarlaşıb.
