Abşeronda yeni xəstəxananın tikintisi 2027-ci ilin investisiya proqramına daxil edilsin - Deputat

Cəmiyyət Xəbər 17 Noyabr 2026 11:56 (UTC +04:00)
Abşeronda yeni xəstəxananın tikintisi 2027-ci ilin investisiya proqramına daxil edilsin - Deputat
Əliş Abdulla
Əliş Abdulla
Parlament müxbiri Bütün xəbərlər

Bakı. Trend:

Abşeron rayonunda əhalinin artması və mövcud xəstəxana infrastrukturunun tələbatı qarşılamaqda çətinlik çəkməsi nəzərə alınaraq, Xırdalan şəhərində və ya rayonun digər münasib ərazisində yeni xəstəxananın tikintisi 2027-ci ilin dövlət investisiya proqramına daxil edilməlidir.

Trend-in müxbirinin xəbərinə görə, bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Rizvan Nəbiyev parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, rəsmi məlumatlara görə, Abşeron rayonunda 400 mindən çox insan yaşayır. Lakin müxtəlif səbəblərdən faktiki əhalinin sayı bu göstəricidən xeyli artıqdır. Bu vəziyyət kommunal xidmətlərə, təhsil və səhiyyə infrastrukturuna ciddi əlavə yük yaradır.

R.Nəbiyev xüsusilə rayonun mövcud xəstəxana infrastrukturunun artan tələbatı qarşılamaq üçün kifayət etmədiyini vurğulayıb.

O qeyd edib ki, Abşeron paytaxtla ölkənin digər bölgələri arasında mühüm nəqliyyat qovşağıdır. Buna görə də rayonda yerləşən tibb müəssisələrinə yalnız yerli sakinlər deyil, təcili tibbi zərurətlə əlaqədar digər vətəndaşlar da müraciət edirlər.

Deputat xatırladıb ki, yeni xəstəxananın tikintisi məsələsi əvvəlki illərdə də aidiyyəti qurumların diqqətində olub.

R.Nəbiyev İqtisadiyyat və Səhiyyə nazirliklərinə müraciət edərək, Xırdalan şəhərində və ya Abşeron rayonunun digər münasib ərazisində yeni xəstəxananın tikintisinin 2027-ci ilin dövlət investisiya proqramına daxil edilməsini prioritet qaydada nəzərdən keçirmələrini xahiş edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti