Bakı. Trend:
Turizm sektorunda ixtisaslı kadrlara artan tələbatın daha operativ ödənilməsi üçün bu sahə üzrə ali təhsil müəssisələrində təhsil müddəti 4 ildən 3 ilə endirilə bilər.
Trend-in müxbirinin xəbərinə görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü, deputat Göydəniz Qəhrəmanov parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.
Deputat çıxışında paytaxtın Yasamal rayonunda ictimai nəqliyyatın genişləndirilməsi məsələsinə də toxunub.
O bildirib ki, Yasamal əhalinin sıxlığına, eyni zamanda tələbə axınına görə Bakının ən dinamik rayonlarından biridir. Ali təhsil müəssisələrinin əksəriyyətinin “Elmlər Akademiyası” metro stansiyası ətrafında yerləşməsi dərs saatlarında həmin ərazidə ciddi sərnişin sıxlığı yaradır.
G.Qəhrəmanovun sözlərinə görə, bu səbəbdən ərazidə avtobus marşrutlarının artırılmasına və ictimai nəqliyyat şəbəkəsinin genişləndirilməsinə ehtiyac var.
Deputatın diqqət çəkdiyi digər məsələ turizm yönümlü ali təhsil müddətinin optimallaşdırılması olub. O qeyd edib ki, ölkədə turizm sektoru sürətlə genişlənir, turistlərin sayının ildən-ilə artması isə bu sahədə ixtisaslı kadrlara tələbatı yüksəldir.
“Turizm üzrə ali təhsil ocaqlarında təhsil müddəti 4 ildən 3 ilə endirilsin”, – deyə deputat təklif edib.
Onun fikrincə, bu yanaşma gənclərin əmək bazarına daha tez inteqrasiya olunmasına, xidmət sektorunun isə ixtisaslı kadrlarla daha operativ təmin edilməsinə geniş imkan yaradacaq.
