Bakı.Trend:
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Rusiya-Ukrayna müharibəsində iştirak edən rusiyalıların şəxsi məlumatlarını əldə etməyin çətin olmayacağını bildirib. Onun sözlərinə görə, Avropa ölkələri bunun üçün müvafiq kəşfiyyat imkanlarına malikdir.
Bu barədə RTVI nəşrində məqalə dərc olunub.
Kallas Brüsseldə keçirilən mətbuat konfransında Rusiyanın “olduqca bürokratik ölkə” olduğunu və döyüş əməliyyatlarında iştirak edən bütün şəxslər barədə məlumatları saxladığını qeyd edib. Jurnalistlərin bu məlumatların hansı yollarla əldə edilə biləcəyi ilə bağlı dəqiqləşdirici sualına cavabında isə kəşfiyyat xidmətlərinin imkanlarına istinad edib.
Buna cavab olaraq Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Kallasın hərbi əməliyyatlarda iştirak edən şəxslərin fərdi məlumatlarını qanunsuz yolla əldə etmək niyyətini açıq şəkildə bəyan etdiyini bildirib. Onun iddiasına görə, Avropa diplomatiyasının rəhbərinin bu açıqlamasında Rusiya Cinayət Məcəlləsinin azı üç maddəsinin pozulması əlamətləri var və həmin maddələr üzrə ümumi cəza müddəti təxminən 20 il azadlıqdan məhrumetmə təşkil edə bilər.
