Bakı. Trend:
Almaniya Federativ Respublikasının xarici işlər naziri Yohann Vadeful Azərbaycana səfər edəcək.
Bu barədə Deutsche Welle məlumat yayıb.
Y.Vadeful qeyd edib ki, Avropa Ermənistan və Azərbaycanla əlaqələrini daha da genişləndirməli, Cənubi Qafqazda sülhün təmin olunmasına töhfə verməlidir.
Nazir bu münaqişənin sülh yolu ilə həlli perspektivi olan azsaylı münaqişələrdən biri olduğunu qeyd edib.
“İki ölkə arasında sülh sazişinin imzalanmasına öz töhfəmi vermək istəyirəm”, – deyə Y.Vadeful bildirib.
Almaniya XİN rəhbəri hesab edir ki, onilliklər davam edən qarşıdurmadan sonra belə bir razılaşmanın əldə olunması Avropa regionunda sülhün təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıya bilər.
Y.Vadeful Azərbaycanla iqtisadi əlaqələrin inkişafına da xüsusi diqqət yetirəcəyini bildirib.
O, Azərbaycanın Almaniya və digər Avropa ölkələri üçün enerji resurslarının tədarükünün şaxələndirilməsində mühüm tərəfdaş olduğunu vurğulayıb.
“Biz Azərbaycandan etibarlı şəkildə qaz və neft alırıq. Bu, Almaniyaya və digər Avropa ölkələrinə aiddir”, – deyə nazir qeyd edib.
Onun sözlərinə görə, bu tədarüklərin sabitliyini təmin etmək və enerji resurslarının tədarükçülərinin dairəsini genişləndirmək vacibdir.
Almaniya XİN rəhbəri Cənubi Qafqaz ölkələri ilə Avropa dövlətləri arasında daha sıx iqtisadi əməkdaşlıq perspektivlərinin inkişaf etdirilməsini səfərinin əsas məqsədlərindən biri kimi göstərib.
