Bakı. Trend:
Azərbaycanda baytarlıq şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumunun ləğvi, qoyun və donuz ətinə baytarlıq nişanının qoyulması üzrə rüsumun 2 dəfə azaldılması, baytarlıq pasportunun qiymətinin isə 20 manatdan 30 manata qaldırılması təklif olunur.
Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan bir sıra məcəllə və qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Təkliflər dövlət rüsumlarının tətbiqi və ödənilməsi mexanizmlərinin təkmilləşdirilməsini, vətəndaşlar və sahibkarlar üçün yaranan əlavə maliyyə və inzibati yükün azaldılmasını hədəfləyir.
Rüsum güzəştləri vahid qanunda toplanacaq
Hazırda dövlət rüsumundan azadolma və güzəştlər əsasən “Dövlət rüsumu haqqında” Qanunla müəyyən edilsə də, bir sıra sahəvi qanunlarda da belə müddəalar mövcuddur. Bu vəziyyət eyni məsələnin müxtəlif normativ hüquqi aktlarda təkrar tənzimlənməsinə, bəzi azadolmaların isə qanunvericilikdə uzlaşdırılmamasına səbəb olur.
Təklif olunan dəyişikliyə əsasən, dövlət rüsumundan azadolma və güzəştlərlə bağlı müddəalar yalnız “Dövlət rüsumu haqqında” Qanunda əks olunacaq. Bunun üçün digər qanunlarda nəzərdə tutulan müvafiq müddəaların çıxarılması, əvəzində isə həmin məsələlərin sözügedən qanunla tənzimlənməsinə dair göndərici normaların əlavə edilməsi planlaşdırılır.
Hazırda sahəvi qanunlarda nəzərdə tutulduğu halda “Dövlət rüsumu haqqında” Qanunda əksini tapmayan azadolmalar da bu qanuna daxil ediləcək.
Beləliklə, bütün güzəştlərin vahid hüquqi aktda cəmləşdirilməsi vətəndaşların hansı hallarda dövlət rüsumu ödəməkdən azad olduqlarını daha asan müəyyən etməsinə imkan verəcək. Həmçinin dövlət rüsumu tutan qurumların elektron bildirişlər hazırlayarkən azadolma əsaslarını müəyyənləşdirməsi ilə bağlı çətinliklərin aradan qaldırılması gözlənilir.
Artıq ödənilmiş rüsumlar elektron qaydada qaytarılacaq
Dövlət rüsumlarının qaytarılması mexanizminin də dəyişdirilməsi təklif olunur. Belə ki, düzgün tutulmamış və ya artıq ödənilmiş dövlət rüsumunun vətəndaşın müraciəti əsasında nağdsız formada, müvafiq dövlət qurumunun informasiya sistemi vasitəsilə geri qaytarılması nəzərdə tutulur.
Bu məqsədlə Maliyyə Nazirliyinin “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin “e-rüsum” altsistemindən istifadə ediləcək.
Qeyd edək ki, sistemin yaradılması artıq ödənilmiş və ya düzgün tutulmamış dövlət rüsumları ilə bağlı müraciətlərin qəbulunu və aidiyyəti üzrə araşdırılmasını nəzərdə tuturdu. Lakin həmin vəsaitlərin geri qaytarılması mexanizmini tənzimləyən müddəalarda müvafiq dəyişiklik edilməmişdi. Yeni təklif bu boşluğun aradan qaldırılmasına və geri ödənişlərin elektronlaşdırılmasına yönəlib.
Baytarlıq şəhadətnaməsi pulsuz olacaq
Heyvan mənşəli məhsulların maya dəyərinə və satış qiymətinə təsir edən xərclərin azaldılması məqsədilə baytarlıq şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumunun tamamilə ləğvi təklif edilir.
Hazırda bu sənədin alınması üçün 10 manat dövlət rüsumu ödənilir. Hər dəfə şəhadətnamə əldə edilməsi sahibkarlar üçün əlavə maliyyə yükü yaradır. Bu xərclər isə heyvan mənşəli məhsulların maya dəyərinə və nəticədə satış qiymətlərinə təsir göstərir.
Təklif qəbul edilərsə, sahibkarlar baytarlıq şəhadətnaməsinin alınmasına görə dövlət rüsumu ödəməyəcəklər.
Qoyun və donuz ətinə nişan vurulması iki dəfə ucuzlaşacaq
Digər təklif qoyun və donuz ətinin bir cəmdəyinə baytarlıq nişanının qoyulmasına görə dövlət rüsumunun azaldılması ilə bağlıdır.
Hazırda qoyun və donuz ətinin bir cəmdəyi, eləcə də donuz piyinin bir partiyası üzrə baytarlıq normalarına uyğunluğu təsdiq edən ekspertiza aktının verilməsi və ya məhsula nişan qoyulması üçün 4 manat dövlət rüsumu müəyyən edilib.
Müqayisə üçün qeyd olunur ki, qaramal və digər iri heyvanların bir cəmdəyi üzrə müvafiq rüsum 5 manatdır. Çəkisi daha az olan və daha çox kəsimə təqdim edilən qoyun cəmdəyinə görə 4 manat rüsumun yüksək olduğu bildirilir.
Təhlillərə əsasən, bu məbləğ sahibkarlar üçün əlavə maliyyə yükü yaradır və məhsulun maya dəyərinə təsir edir. Həmçinin yüksək rüsumun bəzi hallarda qanunsuz heyvan kəsimi fəaliyyətini təşviq edən amillərdən biri ola biləcəyi qeyd edilir.
Bu səbəbdən müvafiq xidmət üzrə dövlət rüsumunun 4 manatdan 2 manata endirilməsi nəzərdə tutulur. Beləliklə, ödəniş 50 faiz azaldılmış olacaq.
Baytarlıq pasportunun qiyməti 10 manat artırılacaq
Digər tərəfdən, ev heyvanları üçün baytarlıq pasportunun verilməsinə görə dövlət rüsumunun artırılması təklif edilir.
Hazırda bu xidmətin qiyməti 20 manatdır. Təklifə əsasən, rüsumun 30 manata çatdırılması nəzərdə tutulur. Bu isə 10 manat və ya 50 faiz artım deməkdir.
Dəyişikliyin əsaslandırılması kimi baytarlıq pasportunun hazırlanmasına sərf olunan maliyyə resurslarının və digər xərclərin artması göstərilir.
Məlumata görə, 2024-cü ildə 2 073, 2025-ci ildə isə 2 114 müraciət əsasında baytarlıq pasportu təqdim edilib. Beləliklə, bir il ərzində müraciətlərin sayı 41 vahid artıb.
Baytarlıq pasportu ev heyvanlarının xarici ölkələrə aparılması zamanı tələb olunan sənədlərdən biridir. Təklif olunan artımın pasportun verilməsi ilə bağlı xərclərin qarşılanmasına yönəldiyi bildirilir.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
