Bakı. Trend:
Kommersiya hava daşımalarını həyata keçirən təyyarələrin heyət üzvlərinin iş, istirahət və uçuş vaxtlarının tənzimlənməsi qaydaları müəyyənləşdirilib.
Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb. Fərmanla Əmək Məcəlləsinə və “Aviasiya haqqında” Qanuna edilmiş dəyişikliklərin tətbiqi təmin edilib.
Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.
Dəyişikliyə əsasən, uçuş iş vaxtı hava gəmisinin heyət üzvünün bir və ya bir neçə ardıcıl uçuşu yerinə yetirmək üçün hava limanına gəldiyi vaxtdan (hava gəmisinin istismarçısı tərəfindən müəyyən edilir) başlayır və son uçuş başa çatdıqdan sonra hava gəmisinin yerdə hərəkətinin tam dayandığı ana qədər davam edir.
Kommersiya hava daşımalarını həyata keçirən təyyarələrdə hava gəmisi heyətinin iş vaxtı aşağıdakı dövrlər üzrə müəyyənləşdiriləcək:
-
istənilən ardıcıl 7 gün ərzində maksimal iş saatı;
-
istənilən ardıcıl 14 gün ərzində maksimal iş saatı;
-
istənilən ardıcıl 28 gün ərzində maksimal iş saatı;
-
bir təqvim ili ərzində maksimal iş saatı.
Heyət üzvlərinin uçuş vaxtı isə aşağıdakı müddətlər üzrə tənzimlənəcək:
-
istənilən ardıcıl 28 gün ərzində maksimal uçuş saatı;
-
bir təqvim ili ərzində maksimal uçuş saatı;
-
istənilən ardıcıl 12 təqvim ayı ərzində maksimal uçuş saatı.
Bununla yanaşı, Əmək Məcəlləsinə uyğunlaşdırıcı xarakterli dəyişikliklər edilib.
Fərmana əsasən, Nazirlər Kabineti altı ay müddətində kommersiya hava daşımalarını həyata keçirən təyyarələrdə hava gəmisi heyətinin iş və istirahət vaxtının, o cümlədən uçuş vaxtı və uçuş iş vaxtının tənzimlənməsi qaydalarını təsdiq etməli və bu barədə Azərbaycan Prezidentinə məlumat verməlidir.
