Bakı.Trend:
Trans-Adriatik Boru Kəmərinin (TAP) illik ötürücülük qabiliyyətinin 1,2 milyard kubmetr artırılması İtaliyanın "Snam" şirkətinin kapital payı üzrə investisiyalarından əldə etdiyi düzəliş edilmiş xalis mənfəətin artmasına səbəb olub.
Bu barədə şirkətin son hesabatında bildirilib.
“Kapital payı üzrə investisiyalardan əldə edilən düzəliş edilmiş xalis mənfəət 293 milyon avro təşkil edib. 2025-ci ilin ilk doqquz ayı ilə müqayisədə cüzi artım (3 milyon avro və ya 1 faiz) əsasən 2026-cı ilin yanvarından TAP-ın illik ötürücülük qabiliyyətinin 1,2 milyard kubmetr artırılmasından sonra bu layihənin mənfəətə töhfəsinin yüksəlməsi, eləcə də "Snam"-ın iştirak payının azalmasına baxmayaraq, 2025-ci ilin aprelindən "2iRetegas" şirkətinin konsolidasiyasına başlanması nəticəsində "Italgas"ın töhfəsinin artması ilə əlaqədardır”, - deyə hesabatda qeyd olunub.
Hesabata əsasən, "Snam"ın 2026-cı ilin ilk doqquz ayı üzrə ümumi gəliri 3,043 milyard avro təşkil edib. Bu, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 244 milyon avro və ya 8,7 faiz (birdəfəlik təsir nəzərə alınmadıqda 10,8 faiz) çoxdur. Gəlirlərin artımının əsas amili qaz infrastrukturu sahəsində tənzimlənən fəaliyyətlərdən əldə olunan gəlirlərin 207 milyon avro və ya 8 faiz artması olub.
Qeyd edək ki, TAP Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qazı Avropa bazarlarına çatdıran Cənub Qaz Dəhlizinin Avropa hissəsidir. Boru kəmərinin uzunluğu 877 kilometrdir. O, Yunanıstan-Türkiyə sərhədindən başlayaraq Yunanıstan və Albaniya ərazisindən keçir, Adriatik dənizini keçərək İtaliyanın cənub sahillərinə çatır.
TAP-ın ilkin illik ötürücülük qabiliyyəti 10 milyard kubmetr təşkil edir və bu göstəricinin 20 milyard kubmetrə qədər artırılması mümkündür.
Boru kəməri mövcud və perspektivdə yaradılması nəzərdə tutulan yeni infrastruktur vasitəsilə daha geniş regionun bazarlarına qaz nəqlinə də imkan yaradır. TAP 2022-ci ildə kommersiya fəaliyyətinə başlayan Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) ilə birləşdirilib. Bu bağlantı Xəzər qazının Bolqarıstana tədarükünə imkan yaradıb.
İstismara verildiyi son altı il ərzində TAP vasitəsilə Avropaya 64 milyard kubmetrdən çox qaz nəql edilib.
Trans-Adriatik Boru Kəmərinin səhmdarları bp (20 faiz), SOCAR (20 faiz), "Snam" (20 faiz), "Fluxys" (20 faiz) və "Enagas" (20 faiz) şirkətləridir.
