Bakı. Trend:
Sumqayıtın 29 mindən çox sakininin yaşadığı Yaşıl dərə massivində kanalizasiya və yağış suları şəbəkəsinin qurulması, yeni məktəb, uşaq bağçası və ilkin tibbi yardım məntəqəsinin tikintisi üçün dövlət investisiyası ayrılması təklif olunur.
Trend-in müxbirinin xəbərinə görə, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü, deputat Mehriban Vəliyeva parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.
Deputat sakinlərin çoxsaylı müraciətlərini nəzərə alaraq Yaşıl dərə massivindəki infrastruktur problemlərinə diqqət çəkib.
O bildirib ki, təxminən 550 hektar ərazini əhatə edən, 4 210 fərdi evin yerləşdiyi massiv əhali tərəfindən salındığından burada kanalizasiya şəbəkəsi, yollar və sosial infrastruktur əvvəlcədən planlaşdırılmayıb. Massivin cəmi 0,35 hektar ərazisi yaşıllıq zonasıdır ki, bu da ekoloji problemlərə səbəb olur.
M.Vəliyeva qeyd edib ki, Sumqayıt şəhərinin kanalizasiya və yağış suları sisteminin yenidən qurulması üzrə təxminən 41,5 milyon manatlıq müqavilə çərçivəsində “Acı dərə” kanalının boruya alınması istiqamətində şəhərdə xeyli iş görülüb. Lakin layihənin birinci mərhələsində Yaşıl dərə massivi əhatə olunmayıb.
Deputat hesab edir ki, kanalizasiya və yağış suları şəbəkəsinin qurulmasının ikinci mərhələsində Yaşıl dərə də layihəyə daxil edilməlidir.
O, bu il şəhər bələdiyyəsinin və icra hakimiyyətinin dəstəyi ilə massivin əsas yolunda və kiçik parkında abadlıq işlərinin aparıldığını da diqqətə çatdırıb və buna görə aidiyyəti qurumlara təşəkkür edib. Bununla belə, kanalizasiya şəbəkəsinin qurulması və digər infrastruktur problemlərinin həlli üçün dövlət investisiyasına ehtiyac olduğunu vurğulayıb.
M.Vəliyevanın sözlərinə görə, massivdə məktəb yoxdur. Bu səbəbdən uşaqlar təhsil almaq üçün uzaq məsafə qət etməli olur, nəticədə ətraf məktəblərdə şagird sıxlığı artır. Yaşıl dərə sakinlərinin uşaq bağçasına və ilkin tibbi yardım məntəqəsinə də ehtiyacı var.
Deputat Sumqayıtın Baş Planına uyğun olaraq Yaşıl dərə massivinin sosial və kommunal infrastrukturunun inkişafı üçün mərhələli tədbirlər planının hazırlanmasını təklif edib.
O bildirib ki, bu çərçivədə kanalizasiya və yağış suları şəbəkəsinin çəkilişi yolların təmiri və küçələrin işıqlandırılması ilə əlaqələndirilməlidir.
“ Məktəb yaşlı uşaqların sayını, onların məktəbə getmək üçün qət etdiyi məsafəni və ətraf məktəblərdəki şagird sıxlığını nəzərə alaraq, massivdə yeni məktəbin tikintisini də plana daxil etməyi təklif edirəm”, – deyə deputat bildirib.
M.Vəliyeva tədbirlər planında uşaq bağçası və ilkin tibbi yardım məntəqəsi üçün uyğun ərazilərin müəyyənləşdirilməsini, həmçinin sakinlərin ticarət, ictimai iaşə və məişət xidmətlərinə çıxışının yaxşılaşdırılmasını da nəzərdə tutmağı təklif edib.
Deputat 2027-ci ilin dövlət investisiya xərcləri planlaşdırılarkən qeyd olunan işlər üzrə layihə-smeta sənədlərinin hazırlanması və ilkin tədbirlərin görülməsi üçün vəsait ayrılması imkanına baxılmasını xahiş edib.
