Azərbaycan və Ermənistan liderlərinin nümayiş etdirdiyi cəsarət və məsuliyyət davamlı sülhə yol aça bilər - Almaniya XİN rəhbəri

Siyasət Xəbər 17 Noyabr 2026 14:25 (UTC +04:00)
Azərbaycan və Ermənistan liderlərinin nümayiş etdirdiyi cəsarət və məsuliyyət davamlı sülhə yol aça bilər - Almaniya XİN rəhbəri
Gülnarə Rəhimova
Gülnarə Rəhimova
İngilis dili xidmətinin rəhbəri Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan və Ermənistan liderlərinin nümayiş etdirdiyi cəsarət və məsuliyyət Cənubi Qafqazda davamlı sülhün bərqərar olması üçün əsas yarada bilər.

Almaniya Xarici İşlər Nazirliyinin rəsmi bəyanatına görə, bunu Almaniyanın xarici işlər naziri İohann Vadeful çərşənbə axşamı bu vəzifədə ilk dəfə Bakı və İrəvana edəcəyi səfəri ərəfəsində bildirib.

“Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın nümayiş etdirdikləri cəsarət və məsuliyyət Cənubi Qafqazda möhkəm sülhün bərqərar olması üçün təməl yarada bilər”, - deyə İ.Vadeful bildirib.

Onun sözlərinə görə, ötən il Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətninin paraflanması münaqişənin nizamlanması istiqamətində mühüm mərhələ olub və indi bu prosesi ardıcıl şəkildə davam etdirmək lazımdır.

Nazir vurğulayıb ki, Cənubi Qafqaz tarixi dönüş mərhələsindədir və onilliklər ərzində davam edən müharibə, zorakılıq və məcburi köçkünlük dövrünü geridə qoymaq üçün real imkana malikdir. Onun fikrincə, region sakinləri arasında etimadın möhkəmləndirilməsi konkret nəticələrlə müşayiət olunmalıdır. Bunlara təhlükəsizliyin artırılması, nəqliyyat marşrutlarının açılması və yeni iqtisadi imkanların yaradılması daxildir.

“Sərhədin hər iki tərəfində yaşayan insanlar cəsarət və etimadın konkret nəticələr verdiyini görməlidirlər: daha yüksək təhlükəsizlik, açıq nəqliyyat marşrutları, iqtisadi imkanlar yaradan və barışığa töhfə verən perspektivlər”, - deyə İ.Vadeful qeyd edib.

Almaniyanın xarici işlər naziri bildirib ki, Bakı və İrəvana səfərləri zamanı gərginliyin azaldılması və sülh prosesinin irəlilədilməsi istiqamətində atılan addımlara dəstək imkanlarını müzakirə etmək niyyətindədir. O, həmçinin qeyd edib ki, Almaniya ötən il Azərbaycan və Ermənistanla münasibətlərini yeni strateji səviyyəyə yüksəldib və indi hər iki ölkə ilə razılaşdırılmış strateji gündəlikləri konkret təşəbbüslərlə zənginləşdirmək niyyətindədir.

Onun sözlərinə görə, Cənubi Qafqazın Avropa ilə Asiya arasında yerləşməsi ticarətin, enerji əməkdaşlığının və nəqliyyat əlaqələrinin inkişafı üçün geniş imkanlar açır. Nazir vurğulayıb ki, davamlı sülh və açıq sərhədlər təkcə region sakinlərinin rifahına deyil, həm də Avropanın qonşuluğunda təhlükəsizlik və sabitliyin möhkəmlənməsinə xidmət edəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti