Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) “İpək Yolu Sığorta” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sığorta fəaliyyəti üzrə lisenziyasının qüvvəsini 24 sığorta növü üzrə məhdudlaşdırıb.
Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Bildirilib ki, şirkət biznes fəaliyyətini və strateji hədəflərini nəzərə alaraq lisenziyasının qüvvəsinin könüllü qaydada məhdudlaşdırılması üçün Mərkəzi Banka müraciət edib.
Müraciət əsasında AMB-nin 11 noyabr 2026-cı il tarixli qərarı ilə şirkətin lisenziyası 24 sığorta növü üzrə icazələrin ləğv edilməsi yolu ilə məhdudlaşdırılıb.
Məhdudlaşdırılan sığorta növləri arasında könüllü tibbi sığorta, səyahətin kompleks sığortası, fiziki və hüquqi şəxslərin əmlakının sığortası, avtomobil və hava nəqliyyatı vasitələrinin sığortası, yüklərin sığortası, tikinti-quraşdırma riskləri, ümumi və peşə məsuliyyətinin sığortası, eləcə də bir sıra icbari sığorta növləri yer alır.
Qeyd edək ki, “Sığorta fəaliyyəti haqqında” Qanunun 105.3-cü maddəsinə əsasən, lisenziyanın qüvvəsinin müvafiq sığorta növü üzrə məhdudlaşdırılması şirkətə həmin növ üzrə yeni sığorta müqavilələri bağlamağı və qüvvədə olan müqavilələrin müddətini uzatmağı qadağan edir.
Məlumata görə, gələcəkdə şirkətin səhmdarlarının biznes fəaliyyəti və strateji hədəfləri ilə əlaqədar sığorta fəaliyyəti istiqamətində dəyişiklik zərurəti yaranarsa, qanunvericiliyin tələblərinə uyğun olaraq Mərkəzi Banka müraciət ediləcək.
