Azərbaycanda əməkhaqlarının ödənilməsinə elektron nəzarət tətbiq olunacaq – Yeni sistem nələri dəyişəcək?

Cəmiyyət Sənəd 17 Noyabr 2026 16:37 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Parlament müxbiri Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda işçilərin əməkhaqlarının və digər əmək ödənişlərinin elektron sistem vasitəsilə, onların öz seçimi əsasında müəyyən etdikləri bank hesablarına köçürülməsi nəzərdə tutulur.

Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan bir sıra məcəllə və qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Yeni mexanizm əməkhaqlarının vaxtında və tam ödənilməsinə dövlət nəzarətini gücləndirəcək, qeyri-formal məşğulluğun qarşısının alınmasına və əmək münasibətlərində şəffaflığın artırılmasına xidmət edəcək. Gələcəkdə isə əməkhaqqı ilə bağlı vergi və sosial sığorta bəyannamələrinin rüblük deyil, aylıq məlumatlarla əvəzlənməsi planlaşdırılır.

Təklif olunan dəyişikliklər əməkhaqqı ödənişlərinin tam elektronlaşdırılmasını, işəgötürənlərin inzibati yükünün azaldılmasını və işçilərin sosial təminat hüquqlarının daha effektiv qorunmasını hədəfləyir.

Əməkhaqları işçilərin seçdiyi bank hesabına köçürüləcək

Layihəyə əsasən, işçilərə ödənilən əməkhaqqı və digər əmək ödənişləri elektron ödəniş sistemi vasitəsilə həyata keçiriləcək. Vəsaitlər işçinin öz seçimi əsasında müəyyən etdiyi bank hesabına köçürüləcək.

Bu köçürmələr barədə məlumatlar əmək qanunvericiliyinə dövlət nəzarətini həyata keçirən orqana təqdim ediləcək. Beləliklə, nəzarət qurumu işəgötürənlərin əməkhaqqı ödənişlərini qanunvericilikdə nəzərdə tutulan müddətdə və tam məbləğdə həyata keçirib-keçirmədiyini izləyə biləcək.

Yeni mexanizm əməkhaqlarının gecikdirilməsi, əsassız azaldılması və ya faktiki ödənişlərin gizlədilməsi kimi halların müəyyənləşdirilməsini asanlaşdıracaq. Eyni zamanda, əmək münasibətlərinin rəsmiləşdirilməsi və işçilərin hüquqlarının müdafiəsi üçün daha şəffaf nəzarət sistemi yaradılacaq.

İşəgötürənlər üçün bəyannamələr dəyişdiriləcək

Dəyişikliklərin mühüm istiqamətlərindən biri də əməkhaqqı ödənişləri ilə bağlı hesabatlılığın sadələşdirilməsidir.

Layihədə nəzərdə tutulan yanaşmaya əsasən, əməyin ödənişinin tam elektronlaşdırılması nəticəsində işəgötürənlərin əməkhaqqının uçotu, hesablanması və ödənilməsi ilə bağlı inzibati iş yükü azalacaq.

Gələcəkdə işəgötürənlərin vergi orqanlarına təqdim etdikləri əməkhaqqı ilə əlaqədar gəlir vergisi, məcburi dövlət sosial sığorta haqları, işsizlikdən sığorta haqları və icbari tibbi sığorta haqları üzrə bəyannamələrə ehtiyac qalmaması nəzərdə tutulur. Mövcud rüblük bəyannamələrin aylıq məlumatlarla əvəzlənməsi planlaşdırılır.

Bu dəyişiklik hesabatlılıq prosesinin elektron məlumatlar əsasında təşkilinə və əməkhaqqı ilə bağlı məlumatların daha operativ əldə olunmasına imkan verəcək.

Pensiya və sosial sığorta haqları avtomatik hesablanacaq

Yeni sistemin tətbiqi sosial sığorta və pensiya təminatı sahəsində də bir sıra yeniliklərə şərait yaradacaq.

Belə ki, işçilər üzrə ödənilən məcburi dövlət sosial sığorta haqlarının fərdi şəxsi hesablara avtomatik daxil edilməsi təmin olunacaq. Bu isə vətəndaşların sosial sığorta məlumatlarının daha operativ və dəqiq uçotuna imkan verəcək.

Bununla yanaşı, ezamiyyət, məzuniyyət, əmək qabiliyyətinin müvəqqəti itirilməsi və digər hallarda orta aylıq əməkhaqqının avtomatik hesablanması nəzərdə tutulur.

Vətəndaşların öz gəlir tarixçələrinə çıxış imkanlarının genişləndirilməsi də layihənin əsas nəticələrindən biri kimi göstərilir. Beləliklə, işçilər əməkhaqqı və gəlirləri barədə məlumatları daha rahat izləyə biləcəklər.

Qeyri-formal məşğulluğa qarşı nəzarət güclənəcək

Elektron ödəniş mexanizmi əmək münasibətlərində qeyri-formal məşğulluqla mübarizənin gücləndirilməsinə də xidmət edəcək.

Əməkhaqqı köçürmələri barədə məlumatların dövlət nəzarət sisteminə ötürülməsi işəgötürənlərin faktiki ödənişləri gizlətməsi, əməkhaqqını qanunvericilikdə nəzərdə tutulmuş məbləğdən az göstərməsi və digər pozuntuların aşkarlanmasını asanlaşdıracaq.

Bununla yanaşı, əməkhaqqının ödənilməsinə elektron və proaktiv nəzarət mexanizminin qurulması nəzərdə tutulur. Bu sistem əmək qanunvericiliyinin pozulması hallarının vaxtında müəyyən edilməsinə və müvafiq tədbirlərin görülməsinə imkan verəcək.

Ümumilikdə, dəyişikliklər əməkhaqqı ödənişlərinin elektronlaşdırılması, işəgötürənlərin hesabatlılığının sadələşdirilməsi, sosial sığorta haqlarının fərdi hesablarda avtomatik uçotu və vətəndaşların gəlir məlumatlarına çıxışının genişləndirilməsi ilə əmək bazarında şəffaflığın artırılmasını hədəfləyir.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti