Bakı. Trend:
Çipsə Azərbaycanda aksiz vergisi tətbiq edilən malların siyahısına daxiləcək.
Trend-in müxbirinin xəbərinə görə, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Təklifə əsasən, yerli istehsal olunan çipsin hər kiloqramına görə 1 manat aksiz vergisi tutulması nəzərdə tutulur. Bu addımın əsas məqsədi yüksək duz və yağ tərkibli məhsulların istehlakını azaltmaq və daha sağlam qida seçimlərini təşviq etməkdir.
Çipsin aksizli malların dairəsinə daxil edilməsi ilə bağlı təklif beynəlxalq təcrübə və ictimai sağlamlığın qorunması zərurəti ilə əsaslandırılır.
Əsaslandırmada bildirilir ki, aksizli malların əhatə dairəsinin yüksək duz, şəkər və yağ tərkibli qida məhsulları, o cümlədən çips kimi məhsullar hesabına genişləndirilməsi ictimai sağlamlığın qorunması və istehlak davranışlarının tənzimlənməsi baxımından mühüm fiskal vasitədir.
Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq qurumlar bu tip məhsulların həddindən artıq istehlakının piylənmə, ürək-damar xəstəlikləri və digər qeyri-infeksion xəstəliklərin artmasına səbəb olduğunu vurğulayır, onların vergiyə cəlb edilməsini üzv dövlətlərə tövsiyə edir.
Təklif olunan aksiz vergisinin qiymət mexanizmi vasitəsilə zərərli məhsulların istehlakını azaltmağa və daha sağlam qida seçimlərinə marağı artırmağa xidmət edəcəyi gözlənilir.
Əsaslandırmada bir sıra ölkələrin təcrübəsinə də istinad olunur. Qeyd edilir ki, Özbəkistanda 2026-cı ildən çipslər aksizli mallar siyahısına daxil edilib və hər kiloqram üçün 15 min som, təxminən 2,07 manat aksiz vergisi tətbiq olunur.
Keniyada kartof çipsləri və oxşar məhsullar gömrük dəyərinin 25 faizi həcmində aksiz vergisinə cəlb edilir. Bu ölkədə vergi dərəcələri hər il inflyasiyaya uyğun indeksləşdirilir.
Bəzi ölkələrdə isə çipslər ayrıca deyil, daha geniş zərərli qida və ya ultra-emal olunmuş məhsullar kateqoriyası çərçivəsində vergiyə cəlb edilir.
Məsələn, Macarıstanda tərkibində duz və ya doymuş yağ miqdarı yüksək olan qəlyanaltı məhsullara, o cümlədən çipslərə görə kiloqram başına 390 forint, təxminən 1,22 manat ictimai sağlamlıq vergisi tətbiq edilir. Bu vergi məhsulun 100 qramında duzun miqdarı 1 qramdan, yaxud doymuş yağ turşularının miqdarı 2 qramdan çox olduqda hesablanır.
Meksikada yüksək kalori sıxlığına malik qəlyanaltı məhsulların idxalı və satışına 8 faizlik vergi tətbiq olunur. Kolumbiyada isə şəkər, duz və doymuş yağ tərkibi müəyyən edilmiş hədləri aşan ultra-emal olunmuş qidalar 10-20 faiz aralığında vergiyə cəlb edilir.
Azərbaycanda nəzərdə tutulan təklif qəbul edilərsə, yerli istehsal olunan çipsin hər kiloqramına görə 1 manat aksiz vergisi tətbiq olunacaq.
