Kuryerlər sabit vergi ödəyəcək - Ayda 15 manat

Cəmiyyət Sənəd 18 Noyabr 2026 11:42 (UTC +04:00)
Kuryerlər sabit vergi ödəyəcək - Ayda 15 manat
Əliş Abdulla
Əliş Abdulla
Parlament müxbiri Bütün xəbərlər

Bakı. Trend:

Sifarişlərin çatdırılması və kuryer fəaliyyəti ilə fərdi qaydada məşğul olan şəxslər üçün aylıq 15 manat sabit sadələşdirilmiş vergi tətbiq ediləcək.

Trend-in müxbirinin xəbərinə görə, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Yeni dəyişiklik muzdlu işçi cəlb etmədən çalışan kuryerlərin vergi öhdəliklərini sadələşdirməyi və onların rəsmi fəaliyyətə keçidini təşviq etməyi hədəfləyir.

Təklifə əsasən, avtonəqliyyat vasitələri ilə yükdaşımaları istisna olmaqla, sifarişlərin çatdırılması və kuryer fəaliyyəti ilə fərdi qaydada, yəni muzdlu işçi cəlb etmədən məşğul olan fiziki şəxslər üçün sadələşdirilmiş verginin aylıq sabit məbləği 15 manat müəyyən ediləcək.

Dəyişikliyin əsas məqsədi kuryerlərin vergi öhdəliklərinin yerinə yetirilməsini asanlaşdırmaqdır. Əsaslandırmada qeyd olunur ki, sifarişlərin çatdırılması avtomobil, motosiklet, velosiped və skuter kimi müxtəlif nəqliyyat vasitələri ilə həyata keçirilir. Bu sahədə çalışan şəxslərin vergi orqanlarına hesabat təqdim etmək, gəlir və xərclərin uçotunu aparmaq kimi vərdişləri, demək olar ki, yoxdur. Mövcud inzibati yük isə bir çox hallarda onların qeyri-rəsmi fəaliyyət göstərməsinə səbəb olur.

Bildirilib ki, elektron ticarətin genişlənməsi ilə paralel olaraq kuryer fəaliyyəti də son illərdə sürətlə artıb. Bu xidmət sahəsində əsasən muzdlu işçi cəlb etmədən, fərdi qaydada çalışan fiziki şəxslər fəaliyyət göstərir.

Təklif olunan modelə əsasən, vergi öhdəlikləri aylıq sabit məbləğ və sabit qəbz vasitəsilə yerinə yetiriləcək. Bunun vergilərin hesablanması, ödənilməsi və hesabatlılıq üzrə inzibatçılığı əhəmiyyətli dərəcədə sadələşdirəcəyi, eyni zamanda mühasibatlıq xərclərini azaldacağı gözlənilir.

Yeni yanaşmanın vergi orqanları üçün də nəzarət və inzibatçılığı asanlaşdıracağı, əməliyyatların rəsmiləşdirilməsini təşviq edəcəyi və sektor üzrə dövriyyənin daha şəffaf uçotuna imkan yaradacağı bildirilir.

Nəticədə, təklif olunan dəyişikliklə qeyri-rəsmi fəaliyyət göstərən kuryerlərin rəsmi fəaliyyətə keçidinin təşviq edilməsi və sahibkarların əməliyyat xərclərinin azaldılması hədəflənir.

Xəbər lenti

Xəbər lenti