Hərbi xidmətlə bağlı məlumatlar “MyGov” üzərindən təqdim olunur

Cəmiyyət Xəbər 17 Noyabr 2026 17:30 (UTC +04:00)
Hərbi xidmətlə bağlı məlumatlar “MyGov” üzərindən təqdim olunur
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

Vətəndaşların “MyGov” platformasındakı fərdi kabinetləri vasitəsilə müraciət göndərməsi və cavab alması, həmçinin hərbi vəzifələrinin icrasından yayınan şəxslərin ölkəyə giriş-çıxışına tətbiq olunan məhdudiyyətlər barədə məlumatlandırılması təmin edilib.

Trend-in müxbiri xəbər verir ki, bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini general-mayor Azər Məmmədov vətəndaş cəmiyyəti institutlarının nümayəndələri ilə görüşdə deyib.

Onun sözlərinə görə, hazırda altı növ arayış, tibbi şəhadətləndirilmənin nəticələri və çağırışçıların xidmət üçün təyin olunduqları qoşun növləri barədə məlumatlar “MyGov” üzərindən vətəndaşlara təqdim olunur.

Buraya müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət, çağırışdan azad edilmə, müvəqqəti çağırılmama, həqiqi hərbi xidmət keçmə, müddətli həqiqi hərbi xidmət və hərbi qeydiyyat haqqında arayışlar daxildir.

Azər Məmmədov bildirib ki, cari ildə Nazirlər Kabinetinin müvafiq qərarı ilə kişi cinsli vətəndaşların ilkin hərbi qeydiyyata alınması qaydası təsdiqlənərək icraya yönəldilib.

“Yeni qaydalara əsasən, ilkin hərbi qeydiyyata alınma prosesi — bildirişlərin göndərilməsi, qərarların qəbulu və bu barədə məlumatlandırma, eləcə də tələb olunan sənədlərin alınması tam elektronlaşdırılıb. Bütün proses "MyGov" platforması üzərindən həyata keçirilir, ilkin hərbi qeydiyyata alınma vəsiqəsinin kağız daşıyıcısı ləğv edilib”, – deyə o qeyd edib.

Xidmət rəisinin müavini əlavə edib ki, vətəndaşlar korrupsiya və digər qanunsuz hallarla qarşılaşdıqda Çağrı Mərkəzi, elektron poçt, “MyGov” kabineti və digər vasitələrlə müraciət edə bilərlər.

Xəbər lenti

Xəbər lenti