Bakı.Trend:
ABŞ Yaxın Şərqdə hərbi qulluqçuların daldalanması üçün 17 beton bunker inşa etməyi planlaşdırır. Bu bunkerlər hazırda eyni məqsədlə istifadə olunan, yenidən təchiz edilmiş yük konteynerlərini əvəz etməlidir.
Bu barədə "Defense News" nəşri məlumat yayıb.
Zərbələrə davamlı olması nəzərdə tutulan bunkerlərdən 10-nun İsraildə, beşinin Səudiyyə Ərəbistanında, ikisinin isə Livanda inşa edilməsi planlaşdırılır.
ABŞ Silahlı Qüvvələrinin sənədlərində regiondakı vəziyyət nəzərə alınaraq qeyri-standart sığınacaqların zərbələrdən qorunmağı təmin edə bilən standart yığma dəmir-beton bunkerlərlə əvəzlənməsinə “təcili ehtiyac” yarandığı bildirilir.
“Layihənin məqsədi ABŞ-nin Mərkəzi Komandanlığının (CENTCOM) məsuliyyət zonasına daxil olan bir sıra ölkələrdə fəaliyyət göstərən ABŞ və koalisiya qüvvələrinin hərbi qulluqçularının təhlükəsizliyini təmin etməkdir”, – deyə məlumatda qeyd olunur.
Nəşrin məlumatına görə, bu cür sığınacaqların inşası ilə bağlı qərar Fars körfəzi regionunda bir neçə ABŞ hərbi bazasının raket və pilotsuz uçuş aparatlarının hücumları nəticəsində ciddi zərər görməsindən və azı 23 hərbi qulluqçunun həlak olmasından sonra qəbul edilib.
ABŞ Ordusunun bildirişində layihənin müqavilə bağlandığı tarixdən etibarən 45 gün ərzində başa çatdırılmalı olduğu xüsusi vurğulanır. Podratçı şirkətlərə təkliflərini hazırlamaq üçün cəmi üç gün vaxt verilib, müraciətlərin qəbulu isə noyabrın 25-də başa çatır.
