Bakı. Trend:
1 saat öncə Hörmüz boğazı səmasında ABŞ-yə məxsus Lukas Pilotsuz Uçuş Aparatı vurulub.
Bu barədə İran ordusu məlumat yayıb.
“ABŞ-yə məxsus PUA ordunun hava hücumundan müdafiə qüvvələri tərəfindən vurularaq məhv edilib”, - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) da bu gün ABŞ-yə məxsus 1 ədəd “MQ1” PUA-sının Qeşm adasının cənubunda vurulduğunu açıqlayıb.
ABŞ-İran münasibətlərində növbəti gərginlik iyulun 8-də başlayıb. Həmin gün ABŞ Silahlı Qüvvələri Vaşinqton və Tehran arasında imzalanmış memorandumdan sonra ilk dəfə olaraq, Hörmüz boğazında ticarət gəmisinə hücuma cavab olduğu iddiası ilə İran ərazisinə bir neçə silsilə zərbə endirib. Elə həmin gün ABŞ Prezidenti Donald Tramp İranla atəşkəs rejiminin dayandırıldığını bəyan edib. Buna cavab olaraq Tehran Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Oman ərazisində yerləşən ABŞ obyektlərinə zərbələr endirməyə başlayıb. Konflikt nəticəsində Hörmüz boğazında dəniz ticarəti iflic vəziyyətə düşüb.
