Bakı.Trend:
Fransanın qərbində yerləşən Nant kommunasında ümumilli tətil günü çərçivəsində qiymət artımına qarşı keçirilən aksiya zamanı polislə ilk toqquşmalar baş verib.
Bu barədə "Actu.fr" internet portalı məlumat yayıb.
Aksiya ümumölkə tətili münasibətilə həmkarlar ittifaqları tərəfindən təşkil olunsa da, kommunada keçirilən nümayişə çoxlu sayda məktəbli və tələbə də qatılıb. Yürüşün başlamasından bir saat sonra bəzi iştirakçılar küçənin ortasında metal hasarlardan süni barrikadalar qurmağa başlayıblar.
Kütləni dağıtmaq üçün polis su şırnaqlarından, gözyaşardıcı qazdan və səs-işıq qumbaralarından istifadə edib. Polislə toqquşma zamanı yürüş iştirakçılarından bəziləri hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı pirotexniki vasitələr tətbiq ediblər.
Qeyd edək ki, həmkarlar ittifaqlarının çağırışı ilə Fransanın bütün ərazisində kütləvi nümayişlər keçirilir. Onlar əməkhaqlarının artırılmasını və xüsusilə dövlət sektorunda iş yerlərinin ixtisarından imtina edilməsini tələb edirlər. Etirazlara sentyabrın sonlarından etibarən təhsil müəssisələrində dərsləri dayandıraraq onların pis vəziyyətdə olmasına, həddindən artıq yüklənmiş dərs cədvəlinə və bir sıra fənlər üzrə müəllim çatışmazlığına etiraz edən tələbə və şagird birlikləri də qoşulublar.
Hakimiyyət orqanlarının proqnozlarına görə, noyabrın 17-də Fransa şəhərlərinin küçələrinə 250-360 min nəfər çıxa bilər. Onlardan 60 min nəfərədək insanın Parisdə nümayişlərə qatılacağı gözlənilir.
