Bakı.Trend:
İsveçrə Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) Çikunqunya qızdırmasına dörd yoluxma halı barədə məlumat verib. ÜST-nin məlumatına görə, yoluxma ilk dəfədir ki, ölkə ərazisində qeydə alınır.
Bu barədə TASS xəbər yayıb.
ÜST-ün məlumatına görə, infeksiya retrospektiv araşdırma zamanı aşkarlanıb, lakin yoluxma mənbəyini müəyyən etmək mümkün olmayıb. Yoluxan dörd nəfərdən heç biri son dövrlərdə virusun yayıldığı bölgələrə səfər etməyib. Onların hamısı eyni coğrafi ərazidə yaşayır. Bütün xəstələrin vəziyyəti müsbət dinamikada inkişaf edib, lakin bəzilərində oynaq ağrıları davam edib.
ÜST xatırladıb ki, Çikunqunya virusunun daşıyıcısı olan Asiya pələng ağcaqanadı (Aedes albopictus) Tiçino da daxil olmaqla, İsveçrənin bir sıra kantonlarında yayılıb.
Səhiyyə orqanları yeni yoluxma hallarının aktiv aşkarlanmasını təşkil edib, tibb işçilərinin məlumatlılıq səviyyəsini artırıb, entomoloji tədqiqatlar aparıb, virus daşıyıcılarına qarşı məqsədyönlü mübarizə tədbirləri həyata keçirib və əhalini mövcud risklər barədə məlumatlandırıb. Digər yoluxma halları qeydə alınmayıb.
ÜST-nin məlumat bülletenində qeyd olunub ki, bu hadisə Aedes cinsinə aid ağcaqanadların məskunlaşdığı ərazilərə virusun gətirilməsi halında onun İsveçrədə yerli yolla yayılmasının mümkün olduğunu göstərir.
ÜST-nin məlumatına görə, çikunqunya virusu yüksək hərarət, güclü oynaq və əzələ ağrıları, baş ağrısı və səpkilərlə müşayiət olunur; bəzi hallarda oynaq ağrıları aylarla, hətta illərlə davam edərək xroniki fəsadlara səbəb ola bilər.
