Bakı. Trend:
Qarabağ və Şərqi Zəngəzurda dörd yeni peşə təhsili müəssisəsi yaradılır. Müəssisələr Füzuli, Şuşa, Zəngilan və Kəlbəcər şəhərlərində yerləşir. Onların bir hissəsi tikilib, digərlərinin tikintisi davam edir.
Trend-in müxbiri xəbər verir ki, bunu “Peşə Təhsili Forumu – 2026” tədbirində Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı deyib.
“İşğaldan azad olunmuş torpaqlarda həyatın və əməyin bərpasının bir hissəsi olmaq xüsusən bizlər üçün qürurvericidir”, – deyə İlqar Bayramlı bildirib.
Forumda təqdim olunan məlumatlara əsasən, peşə təhsili infrastrukturunun genişləndirilməsi çərçivəsində səkkiz müəssisədə yenidənqurma və ya əsaslı təmir işləri, eləcə də 46 yeni emalatxananın yaradılması nəzərdə tutulub.
Agentliyin direktoru bildirib ki, 2023-cü ildən peşə təhsili müəssisələrinin adambaşına maliyyələşmə modelinə mərhələli keçidinə başlanılıb. Hazırda bu mexanizm 11 müəssisədə 12 min tələbəni əhatə edir. Bu, ölkədə peşə təhsili alanların təxminən dörddə biridir.
“Müəssisə tələbə cəlb etdikcə daha çox maliyyə əldə edir. Nəticə göstərdikcə daha çox maliyyə əldə edir”, – deyə İlqar Bayramlı qeyd edib.
Onun sözlərinə görə, maliyyə vəsaiti ixtisaslar üzrə xərclərə uyğun müəyyənləşdirilir. Müəssisələr vəsaiti öz prioritetlərinə uyğun idarə edə, müəllimlərə rəqabətədavamlı əməkhaqqı təklif edə və maddi-texniki bazanı yeniləyə bilirlər.
