Azərbaycanda peşə təhsili almaq üçün müraciət edənlərin sayı 52 minə çatıb

Cəmiyyət Xəbər 18 Noyabr 2026 10:57 (UTC +04:00)
Azərbaycanda peşə təhsili almaq üçün müraciət edənlərin sayı 52 minə çatıb
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda peşə təhsili almaq üçün müraciət edənlərin sayı 2022-ci ildəki 29 mindən cari tədris ilində 52 minə yüksəlib. Eyni dövrdə peşə təhsili müəssisələrinə qəbul olunanların sayı 19 mindən 28 minə çatıb.

Trend-in müxbiri xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı çərşənbə günü “Peşə Təhsili Forumu – 2026” tədbirində deyib.

Agentlik direktoru bildirib ki, peşə təhsilinin əhatə dairəsinin genişlənməsində dövlət sifarişi üzrə yerlərin artırılması mühüm rol oynayıb. Onun sözlərinə görə, 2022-ci ildə dövlət sifarişi ilə 16 min nəfər təhsil alıbsa, cari ildə bu göstərici 20 minə çatıb.

İlqar Bayramlı peşə təhsilində qadınların payının 32 faizdən 40 faizə yüksəldiyini də diqqətə çatdırıb. Hazırda 50-dən çox ixtisas üzrə təhsil alanlar arasında qadınların payı 70 faizdən yüksəkdir.

Agentlik direktoru qeyd edib ki, hazırda peşə təhsili müəssisələrində 150 ixtisas üzrə qəbul aparılır. Son dörd ildə günəş panellərinin quraşdırılması, elektrik və hibrid avtomobillərinin təmiri, dronlara texniki xidmət, tibbi avadanlıqların təmiri və qida emalı texnologiyaları da daxil olmaqla, 33 yeni ixtisas üzrə tələbə qəbulu həyata keçirilib.

“Bu ilki qəbulda bu yeni ixtisaslar üzrə hər on yerə 113 müraciət qəbul etmişik. Ümumilikdə digər ixtisaslar üzrə hər on yerə müraciət sayı 58-dir”, – deyə İlqar Bayramlı bildirib.

O qeyd edib ki, Azərbaycanda dual peşə təhsili proqramlarının məzunları arasında məşğulluq göstəricisi 70 faizdən yüksəkdir. Peşə təhsili məzunları üzrə ümumi göstərici isə 65 faizi ötür.

Agentlik direktorunun sözlərinə görə, Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya 2019-cu ildən bəri peşə təhsilini başa vurmuş 78 min məzunun əmək bazarındakı vəziyyətini təhlil edib. Məşğulluq göstəriciləri hesablanarkən rəsmi məlumatlar və sorğu nəticələri nəzərə alınıb.

“Dual proqramlarımızda bu göstərici bir az da yüksəkdir, bu, 70 faizin üzərindədir”, – deyə İlqar Bayramlı bildirib.

Agentlik direktoru qeyd edib ki, 2022-ci ildə dual peşə təhsili proqramlarına 800 tələbə qəbul olunubsa, cari ildə bu rəqəm 2 200-ə çatıb. Hazırda 33 peşə təhsili müəssisəsində 50-dən çox ixtisas üzrə dual proqramlar tədris olunur.

İlqar Bayramlının sözlərinə görə, bu modeldə tələbələr nəzəri bilikləri peşə təhsili müəssisəsində, praktiki bacarıqları isə birbaşa işəgötürənin istehsal və ya xidmət sahəsində qazanırlar. Dual təhsil üzrə tərəfdaşların sayı da iki dəfəyə yaxın artıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti