ING Azərbaycanın kredit reytinqinin daha da yüksəldilməsi üçün tələb olunan əsas meyarları açıqladı

Maliyyə Xəbər 18 Noyabr 2026 10:35 (UTC +04:00)
ING Azərbaycanın kredit reytinqinin daha da yüksəldilməsi üçün tələb olunan əsas meyarları açıqladı
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
İqtisadi jurnalist Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycanın suveren kredit reytinqinin növbəti dəfə yüksəldilməsi dövlət borcunun daha da azaldılmasından çox iqtisadi siyasətin keyfiyyətindən, institusional inkişafdan və iqtisadiyyatın şaxələndirilməsindən asılı olacaq.

Bu barədə "ING Economic & Financial Analysis" analitik icmalında qeyd olunub.

Sənəddə bildirilir ki, son dövrdə Azərbaycan iki beynəlxalq reytinq agentliyindən – "Moody’s" və "Fitch"dən investisiya səviyyəli kredit reytinqi əldə edib. Buna iqtisadiyyatın karbohidrogenlərdən asılılığının azalması, institusional keyfiyyətin yaxşılaşması, eləcə də Ermənistanla sülh danışıqlarında əldə olunan irəliləyişə dair əlamətlər töhfə verib.

İcmala əsasən, Azərbaycanın dövlət maliyyəsinin göstəriciləri artıq investisiya reytinqinə malik ölkələrin müvafiq göstəricilərindən daha əlverişli səviyyədədir. Buna görə də kredit reytinqinin növbəti yüksəlişi, ilk növbədə, büdcə idarəçiliyində proqnozlaşdırıla bilmə səviyyəsinin artırılmasından, Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) transfertlərdən asılılığın azaldılmasından, pul-kredit siyasətinin ötürülmə mexanizminin gücləndirilməsindən, şəffaflığın artırılmasından və qeyri-neft sektorunun şaxələndirilməsi istiqamətində əhəmiyyətli irəliləyişin əldə olunmasından asılı olacaq.

İcmalda qeyd olunduğu kimi, Ermənistanla dayanıqlı sülh prosesində irəliləyiş ölkənin institusional və geosiyasi mövqelərinin möhkəmlənməsinə əlavə töhfə verə bilər.

ING analitikləri Azərbaycanın güclü xarici və fiskal göstəricilərinin qorunub saxlanılacağını gözləyirlər. Bununla belə, onlar hazırkı BBB- səviyyəsindən daha yüksək reytinq əldə edilməsini az ehtimallı hesab edirlər.

Sənəddə, həmçinin Azərbaycanın Dünya Bankının ayrı-ayrı institusional göstəriciləri (Worldwide Governance Indicators, WGI), xüsusilə dövlət idarəçiliyinin effektivliyi sahəsində irəliləyiş əldə etdiyi vurğulanır. Bununla yanaşı, analitiklərin qiymətləndirməsinə görə, korrupsiyaya nəzarət və qanunun aliliyi göstəriciləri reytinqin daha da yüksəldilməsinə maneə olaraq qala bilər.

ING ölkənin iqtisadi göstəricilərinin fundamental əsaslarla daha da yaxşılaşmasının qarşısındakı başlıca maneənin qısamüddətli kredit riskləri deyil, iqtisadiyyatın kifayət qədər şaxələndirilməməsi olduğunu bildirir.

İcmalda qeyd olunur ki, dövlətin əhəmiyyətli həcmdə aktivləri və karbohidrogen gəlirlərinin daxilolmalarının davam etməsi iqtisadiyyat üçün mühüm maliyyə dayanıqlığı ehtiyatı yaradır. Lakin neft hasilatının zəif dinamikası, ixrac coğrafiyasının genişlənməsinə baxmayaraq, təbii qazdan asılılığın davam etməsi, eləcə də özəl investisiya fəallığının aşağı olması iqtisadi artımın potensial tempini 2-3 faiz səviyyəsində məhdudlaşdırır. Qeyri-neft sektorunda investisiya dövrü daha fəal mərhələyə keçmədiyi təqdirdə bu məhdudiyyətlər qüvvədə qalacaq.

Bu baxımdan, ING-nin qiymətləndirməsinə görə, Azərbaycanın suveren kredit reytinqinin növbəti yüksəlişi dövlət aktivlərinin daha da artırılmasından deyil, institusional inkişafdan və özəl sektorun şaxələndirilməsindən asılı olacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti