Bakı. Trend:
Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova Fransa kinosu və musiqisini bir araya gətirən xüsusi festivalın keçirilməsini təklif edib.
Şəfiqə Məmmədova bu təkliflə çərşənbə axşamı Bakıda Fransa, Belçika və İsveçrənin filmlərinin nümayiş olunduğu Frankofon Filmlər Festivalının açılışında çıxış edib.
O bildirib ki, Fransa və Belçika səfirlikləri ilə əməkdaşlıq çərçivəsində yeni kino layihələrinin həyata keçirilməsi məqsədəuyğun olardı.
Xalq artisti fransız filmlərinin musiqilərinə həsr olunmuş festival və ya xüsusi kino gecəsinin təşkilini təklif edib:
“Bəlkə də belə bir festival keçirək, ya da gecə təşkil edək - fransız kinosu və onun musiqisi. Bu da gözəl olardı və Kinematoqrafçılar İttifaqı ilə birgə keçirə bilərik”.
Ş.Məmmədova iştirakçıları filmlərin nümayişlərində fəal olmağa, yeni ekran əsərləri ilə tanış olmağa çağırıb və Fransa səfirliyinə uğurlar arzulayıb.
