Bakı. Trend:
Kinematoqrafiya Fransa və Azərbaycan arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinin ən effektiv vasitələrindən biridir. Çünki kino bir-birinin mədəniyyəti, milli xüsusiyyətləri və həyat tərzi ilə tanış olmağa imkan verir.
Bu barədə Fransanın Azərbaycandakı səfiri Sofi Laqut Bakıda Frankofon Filmlər Festivalının açılışında Trend-in sualını cavablandırarkən çərşənbə axşamı bildirib.
“Düşünürəm ki, kino qarşılıqlı anlaşmanı yaxşılaşdırmağın, bəlkə də, ən asan yoludur. Film milli kontekstdə real həyatı göstərir. Məsələn, bugünkü filmə baxmaqla fransızların necə yaşadığını və onlar üçün hansı mədəni dəyərlərin vacib olduğunu görə biləcəksiniz. Bu, həqiqətən də, milli mədəniyyətimizi və kimliyimizi daha yaxşı anlamağın bir yoludur”, – deyə o qeyd edib.
Səfirin sözlərinə görə, qarşılıqlı anlaşma yaxşı ikitərəfli münasibətlərin əsasını təşkil edir.
“Diplomat kimi hesab edirəm ki, qarşılıqlı anlaşma həqiqətən də yaxşı münasibətlərin təməlində dayanır. Buna görə də kino xalqlarımız arasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsinə böyük töhfə verir”, – deyə Laqut vurğulayıb.
