Bakı. Trend:
İtaliyanın Augusta limanında CIF bazisi üzrə Azərbaycanın “Azeri Light” markalı neftinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,03 ABŞ dolları və ya 0,03 faiz artaraq bir barel üçün 98,79 ABŞ dollarına çatıb.
Bu barədə neft bazarı iştirakçılarının məlumatında bildirilib.
Qeyd olunub ki, Türkiyənin Ceyhan limanında FOB bazisi üzrə “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,11 ABŞ dolları və ya 0,12 faiz artaraq 94,93 ABŞ dolları təşkil edib.
“Urals” markalı xam neftin qiyməti əvvəlki göstərici ilə müqayisədə 0,3 ABŞ dolları və ya 0,44 faiz artaraq bir barel üçün 69,02 ABŞ dolları olub.
Şimal dənizində hasil edilən “Dated Brent” markalı neftin qiyməti isə əvvəlki göstərici ilə müqayisədə 0,11 ABŞ dolları və ya 0,12 faiz artaraq bir barel üçün 93,15 ABŞ dolları olub.
Azərbaycanın 2026-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində hesablanıb.
"Trading Economics"in məlumatına görə, çərşənbə günü xam neftin qiyməti bir barel üçün 85 dollardan aşağı düşərək bu həftəki enişini davam etdirdi.
"Yaxın Şərqdə gərginliyin artması qlobal təklifin güclənməsinə dair əlamətlərlə tarazlaşdı.
Çərşənbə axşamı ABŞ hərbçiləri İranın Qeşm adasındakı raket buraxılış məntəqəsinə zərbə endirib. Bundan əvvəl Tehran regionda ABŞ-ın şəxsi heyətinə və obyektlərinə hücum etmişdi. İran ABŞ qüvvələrinə və ticarət gəmilərinə qarşı təhdidlərini artırdığı bir vaxtda, üçüncü ABŞ aviadaşıyıcısı Körfəzə çatıb. İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələri isə son 24 saat ərzində Hörmüz boğazının şərq hissəsində dörd neft tankerinin minaya düşərək alovlandığını bildirib.
Bununla belə, qlobal tədarükün bərpa olunduğuna dair əlamətlər neft qiymətlərinə təzyiq göstərməkdə davam edib. Beynəlxalq Enerji Agentliyi bu rüb üçün gündə təxminən 2 milyon barel həcmində artıq təklif proqnozlaşdırıb, Goldman Sachs isə gələn il mümkün neft artıqlığı barədə xəbərdarlıq edib. ABŞ-da sənaye məlumatları da ötən həftə xam neft ehtiyatlarının 5,3 milyon barel artdığını göstərib", - məlumatda qeyd edilib.
