Azərbaycanda 21 yeni peşə təhsili müəssisəsinin tikintisi nəzərdə tutulur

Cəmiyyət Xəbər 18 Noyabr 2026 10:31 (UTC +04:00)
Azərbaycanda 21 yeni peşə təhsili müəssisəsinin tikintisi nəzərdə tutulur
Firayə Nurizadə
Firayə Nurizadə
Müxbir Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda 21 yeni peşə təhsili müəssisəsinin tikintisi və iki müəssisənin təmiri nəzərdə tutulur.

Trend-in müxbiri xəbər verir ki, bunu “Peşə Təhsili Forumu – 2026” tədbirində Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli deyib.

O bildirib ki, peşə təhsili infrastrukturunun genişləndirilməsi Prezidentin bu il imzaladığı müvafiq sərəncamda nəzərdə tutulub.

“Peşə təhsili əmək bazarının real tələblərinə uyğun qurulmalıdır”, – deyə Mətin Kərimli vurğulayıb. Onun sözlərinə görə, tədrisin məzmunu, pedaqoji kadr hazırlığı və infrastruktur müasir tələblərə uyğun olmalı, gənclərə öyrədilən bacarıqlar işəgötürənlərin ehtiyaclarına cavab verməlidir.

Aparat rəhbəri qeyd edib ki, 2025-ci ildə peşə təhsili alanların sayı 27 min nəfər olub, bu il isə 40 minə çatıb. Yüksək texniki peşə təhsili alanların sayının 8 mindən 10 minə çatdırılması hədəflənir. Ötən il dual peşə təhsili üzrə 1 700 nəfər təhsil alıb.

Mətin Kərimlinin sözlərinə görə, bu il peşə təhsili müəssisələrinə 274 yeni müəllim işə qəbul edilib və 17 yeni təhsil proqramı hazırlanıb. O, peşə təhsilində keyfiyyətin və innovasiyanın prioritet olmasını, proqramların hazırlanmasında rəqəmsallaşma, süni intellekt və yaşıl iqtisadiyyatın tələblərinin nəzərə alınmasını vacib sayıb.

“Biz hər birimiz əmin olmalıyıq ki, bizim təhsildən, təlimdən, əmək fəaliyyətindən kənarda qalan gənclərimiz olmasın”, – deyə o əlavə edib.

Qeyd edək ki, bu il Peşə Təhsili üzrə Dövlət Agentliyinin yaradılmasının 10 ili tamam olur.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti