Bakı. Trend:
Xaçmaz rayonunda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının icrası ilə bağlı rayonda görülən işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan növbəti iclas keçirilib.
İclasda Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul əməkdaşları Habil Əzənmədov, Sarvan Cəfərov, Aqrar Xidmətlər Agentliyinin sədr müavini Elməddin Namazov, aqrar sahədə çalışan mütəxəssislər və yerli fermerlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı Xaçmaz rayonunda görülən işlərdən danışıb. İcra başçısı çıxışında Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin aqrar sahəyə göstərdiyi diqqət və qayğıdan, bu sahənin ölkə iqtisadiyyatının prioritet istiqamətlərindən biri kimi müəyyən edilməsindən bəhs edib. Qeyd olunub ki, dövlət başçısının tapşırıqlarına əsasən, rayonda məhsuldarlığın artırılması, yeni bağların salınması və emal müəssisələrinin yaradılması istiqamətində mühüm addımlar atılıb. Elnur Rzayev qarşıda duran vəzifələrin vaxtında və keyfiyyətli şəkildə icrası üçün bütün resursların səfərbər olunacağını vurğulayıb.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul əməkdaşları Habil Əzənmədov və Sarvan Cəfərov, Aqrar Xidmətlər Agentliyinin sədr müavini Elməddin Namazov dövlət proqramının əhəmiyyətini vurğulayıblar. 2026–2030-cu illəri əhatə edən bu sənədin icrasının ölkənin ərzaq təhlükəsizliyinin təminatında və ixrac potensialının artırılmasında mühüm rol oynayacağını diqqətə çatdırıblar.
İclas diskussiya şəklində davam edib. Fermerlər və aqrar sahədə çalışan mütəxəssislər müxtəlif məsələlərlə bağlı təkliflərini səsləndirib, onları maraqlandıran suallara cavab alıblar.
İclasdan sonra Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul əməkdaşları Habil Əzənmədov, Sarvan Cəfərov və Aqrar Xidmətlər Agentliyinin sədr müavini Elməddin Namazov rayonda fəaliyyət göstərən “Aztoyuq”, “Xəmsə Quşçuluq” və "Dark Garden" heyvandarlıq müəssisələrinə, eləcə də super intensiv meyvə bağlarına baxış keçirib, yaradılan şərait və istehsal prosesi ilə tanış olublar.